Mart ayında Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək

Mart ayında Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycan Alimlərinin Qurultayının təsis edilməsi və Azərbaycan Alimlərinin I Qurultayının keçirilməsinə dair qərar qəbul edilib. SİA xəbər verir ki, iclasda qurultayın keçirilməsini təmin etmək məqsədilə İşçi qrupu yaradılıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasda çıxışında bildirib ki, Azərbaycan xalqının siyasi, iqtisadi, sosial-mədəni sahələr üzrə fundamental dəyərlərinin qorunması və dövlət əhəmiyyətli milli maraqların təmin edilməsində elmin müstəsna əhəmiyyətə malikdir. Akademikin sözlərinə görə, elmin çox spektrli sosial funksiyaları həyata keçirə bilməsi üçün müasir dövrün tələblərinə cavab verən təşkilati tədbirlərin və innovativ idarəetmə üsullarının tətbiqi zəruridir: "Belə tədbirlərdən biri kimi ən böyük seçkili yığıncaq forması olan qurultay xüsusi əhəmiyyətə malikdir. Cəmiyyətin formalaşdığı bir dövrdə ölkədə Azərbaycan Alimlərinin Qurultayının keçirilməsi elmin strateji hədəflərinin reallaşdırılması baxımından məqsədəuyğundur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi, Azərbaycan alimlərinin daha mütəşəkkil təşkilatlanmasının təmin edilməsi, müxtəlif elmi və innovativ qurumların fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan elmi qarşısında prioritetlərin müəyyənləşdirilməsi, fundamental və tətbiqi tədqiqatların prioritetlərini ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək baxımından bu qurultayın təşkili vacibdir. Qurultay 2014-cü il Novruz bayramı ərəfəsində, martın I yarısında-ayın 15-nə kimi keçirilməsi nəzərdə tutulur. 1-2 gün ərzində keçiriləcək qurultayın gündəliyi, qərar layihəsi əvvəldən hazırlanmalıdır. Qurultayda elmin problemləri, gələcək inkişafa dair məsələlər müzakirə ediləcək".

Daha sonra AMEA-nın vitse-prezident İsa Həbibbəyli isə bildirib ki, bütün sahələrin bayramı olsa da alimlərin, elm işçilərinin xüsusi bir günü yoxdur: "Qurultayda bu məsələ müzakirə olunmalı və onu çağırıldığı gün Elm günü kimi təsis edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə