"Məkkədə yayılan xəstəliklə bağlı məlumat həqiqətə uyğun deyil" MÜNASİBƏT

Zəvvarlar sabah yola düşəcək
"Məkkədə yayılan xəstəliklə bağlı məlumat həqiqətə uyğun deyil" MÜNASİBƏT

Ölkəmizdən həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupu sabah saat 8:00-da yola düşəcək. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullah məlumat verib. O bildirib ki, zəvvarlar ziyarətə 14 təyyarə ilə gedəcək.

Zəvvarları ziyarətə aparacaq son təyyarənin oktyabrın 8-də yola düşəcəyini deyən QMİ Sədr müavini vurğulayıb ki, hər il olduğu kimi, bu il də zəvvarları həkimlər müşayiət edəcək: "Hər təyyarə üçün bir-iki həkim ayrılır. Onlar yolda zəvvarların sağlamlığını nəzarətdə saxlayacaq, lazım gələrsə, tibbi yardım göstərəcəklər".

Məkkə şəhərində xəstəliyin yayılması ilə bağlı məsələyə fikir bildirən Hacı Fuad Nurullah məlumatı təkzib edib: "Məkkə şəhərində hər hansı bir xəstəliyin yayılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hər il belə məlumatlar yayılır. Bu cür məlumatlarla insanları qorxutmağa, müqəddəs həcc missiyasına qarşı çıxmağa çalışırlar. Ziyarət yerində heç bir xəstəlik yoxdur. İnsanlar saf niyyətlə ziyarətə gedəcəklər".

Qeyd edək ki, ziyarət bu il iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın "France Air" aviaşirkəti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə