Erməni lobbisi tərəfindən ötən həftə Azərbaycanın işğal altında olan ərazilərinə təşkil edilmiş qanunsuz səfər barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı bəyanat 200-dən çox müxtəlif ABŞ KİV-ləri tərəfindən dərc olunub.
Baş Konsulluqdan bildiriblər ki, bunların sırasında, Reuters xəbər agentliyini, YahooNews xəbər portalı, BusinessWeek jurnalı, Wall Street Journal, Boston Globe, Sacramento Bee, California Chronicle, Los Angeles Daily News, Kansas City Star və Pasadena Star-News qəzetlərini xüsusilə qeyd etmək olar.
"Erməni lobbisinin biabırçı fiaskosu" (An Embarrassing Fiasco for the Armenian Lobby) başlıqlı bəyanatda bildirilir ki, ötən həftə Amerika Erməni Milli Komitəsinin (ANCA) öz gücünü göstərmək üçün Kaliforniyadan Azərbaycanın işğal altında olan torpaqlarına təşkil etdiyi səfər erməni lobbisi üçün növbəti biabırçı uğursuzluqla sonuclanıb.
Qeyd olunur ki, Azərbaycan parlament nümayəndə heyətinin bu ilin mart ayında Kaliforniya ştat Senatının rəsmi dəvətilə Kaliforniya paytaxtına olduqca uğurlu səfərindən sonra – o səfər ki, erməni lobbisi nə qədər çalışsa da, qarşısını ala bilmədi – lobbi bütün resurslarını səfərbər edərək, ştat rəsmilərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfərini təşkil etməyə girişmişdi.
"Ancaq ANCA-nın da bəyan etdiyi kimi, "5 aydan artıq müddətdə aparılmış işə" və Kaliforniya rəsmiləri ilə aparılmış yüzlərlə telefon zəngi, görüşlər, eləcə də onlara göndərilmiş emaillərə baxmayaraq, erməni lobbisi yalnız üç qeyri-erməni siyasətçini səfərdə iştiraka razı sala bildi. Bu üç siyasətçidən biri isə Baş Konsulluğumuza müraciət edərək, Dağlıq Qarabağ bölgəsinə səfər etmək üçün Azərbaycanın icazəsini xahiş edib. Bu fiaskonu ört-basdır etmək üçün ANCA nümayəndə heyətini etnik ermənilər hesabına doldurmaqdan başqa çarə görmədi. Nəticədə nümayəndə heyətinin 80%-i ermənilərdən ibarət olub", deyə bəyanatda bildirilir.
Bəyanatın mətnini təqdim edirik:
"Ötən həftə ABŞ-dakı erməni lobbisi böyük bir fiaskoya düçar oldu. Belə ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) öz gücünü göstərmək üçün Kaliforniyadan Azərbaycanın işğal altında olan torpaqlarına təşkil etdiyi səfər erməni lobbisi üçün növbəti biabırçı uğursuzluqla sonuclandı.
Azərbaycan parlament nümayəndə heyətinin bu ilin mart ayında Kaliforniya Ştat Senatının rəsmi dəvətilə Kaliforniya paytaxtına olduqca uğurlu səfərindən sonra – o səfər ki erməni lobbisi nə qədər çalışsa da, qarşısını ala bilmədi – lobbi bütün resurslarını səfərbər edərək, Kaliforniya rəsmilərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfərini təşkil etməyə girişdi.
Azərbaycan dəfələrlə bəyan edib ki, 20 ildən artıq Ermənistanın qanunsuz hərbi işğalı altında olan Dağlıq Qarabağ və ətraf 7 rayona Azərbaycan Hökumətinin müvafiq icazəsi olmadan edilən istənilən səfər qanunazidd xarakter daşıyır. Bundan başqa, ABŞ Dövlət Departamenti də ABŞ vətəndaşlarını işğal altında olan ərazilərə səfərlərdən yayınmağa çağırır.
Ancaq ANCA-nın da bəyan etdiyi kimi, "5 aydan artıq müddətdə aparılmış işə" və Kaliforniya rəsmiləri ilə aparılmış yüzlərlə telefon zəngi, görüşlər, eləcə də onlara göndərilmiş emaillərə baxmayaraq, erməni lobbisi yalnız ÜÇ qeyri-erməni siyasətçini səfərdə iştiraka razı sala bilmişdir. Bu üç siyasətçidən biri isə Baş Konsulluğumuza müraciət edərək, Dağlıq Qarabağ bölgəsinə səfər etmək üçün Azərbaycanın icazəsini xahiş etmişdir. Bu fiaskonu ört-basdır etmək üçün ANCA nümayəndə heyətini etnik ermənilər hesabına doldurmaqdan başqa çarə görməmişdir. Nəticədə nümayəndə heyətinin 80%-i ermənilərdən ibarət olub.
İndi bəlkə də ümid etmək olar ki, erməni lobbisi, xüsusilə də ANCA bu biabırçı uğursuzluqdan öz dərsini alacaqdır. Lobbi başa düşməlidir ki, öz irqçi anti-Azərbaycan təbliğatı ilə Amerika rəsmilərini asanlıqla yanıldaraq onları beynəlxalq hüququ pozmağa sövq edə bildikləri vaxtlar artıq çoxdan keçib.
Ancaq "Washington Post" qəzetinin redaksiya heyətinin 2010-cu ildə "xüsusilə iyrənc lobbi" adlandırdığı ANCA-nın xislətini nəzərə alaraq, belə ümidlərin əhəmiyyətsiz olduğunu güman etmək olar. ANCA Amerika ermənilərini təmsil etdiyini iddia etsə də, faktiki olaraq Ermənistanın korrupsiyalaşmış hökumətinin ABŞ-dakı propaqanda şöbəsinə çevrilib. ABŞ-dakı böyük sayda məlumatsız erməni donorlardan vəsait toplayan bu mənfi reputasiyalı lobbi yalnız erməni diasporunun diqqətini Ermənistanı bürümüş dövlət korrupsiyasından, genişmiqyaslı insan haqları pozuntularından, sosial ədalətsizliklərdən, ən vacibi isə bütün bu problemlər nəticəsində Ermənistanın daimi mühacirət səviyyəsinə görə dünyanın "aparıcı" dövlətlərindən birinə çevrilməsi faktından yayındırmaqla məşğuldur.
Bu ciddi problemləri nəhayət həll etmək və öz vətəndaşları ilə qeyri-insani rəftarına son qoyması üçün Ermənistan rəhbərliyinə təzyiq göstərmək əvəzinə ANCA və digər radikal erməni təşkilatları bu hökuməti hər vəchlə dəstəkləməkdə və hər il "humanitar yardım" adı altında diaspordan milyonlarla dolları Ermənistana ötürməkdə davam edir – o dollarlar ki, sonradan Ermənistan hökumət rəsmilərinin müxtəlif xarici bank hesablarında "peyda" olur.
Bundan başqa, erməni lobbisi Azərbaycan haqda ABŞ-da yalanlar yaymaqda, eləcə də ABŞ qanunvericilərinə ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycan əleyhinə, ABŞ-ın milli maraqlarına zidd olaraq, mövqe tutmaq üçün təzyiqər göstərməkdə davam edir.
Ancaq buz artıq tərpənib və erməni lobbisinin bu son fiaskosu Amerika ictimaiyyətində Azərbaycan və onun ədalət uğrunda yorulmaz mübarizəsi barədə artmaqda olan məlumatlılığın növbəti bariz nümunəsidir".
Bəyanatın dərc olunduğu bəzi KİV-lərə linklər bunlardır:
Reuters - http://www.reuters.com/article/2013/10/01/azerbaijan-armenia-idUSnPNDC89799+1e0+PRN20131001
YahooNews - http://news.yahoo.com/embarrassing-fiasco-armenian-lobby-152100379.html
Boston Globe -http://finance.boston.com/boston/news/read/25259477/an_embarrassing_fiasco_for_the_armenian_lobby
BusinessWeek - http://investing.businessweek.com/research/markets/news/article.asp?docKey=600-201310011121PR_NEWS_USPRX____DC89799-1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB