Suraxanı neftçiləri təminatlı gələcəyə İlham Əliyevə səs verəcəklər

Suraxanı neftçiləri təminatlı gələcəyə İlham Əliyevə səs verəcəklər

Dünən Yeni Azərbaycan Partiyası Suraxanı rayon Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Suraxanı rayon neftçiləri ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Prezident İlham Əliyev dövlət başçısı olduğu 10 ildə Azərbaycanın timsalında inkişafın yeni modelini yaradıb. Prezident İlham Əliyev əməli fəaliyyəti ilə sübut edib ki, siyasət xalqına xidmət etmək, hər bir vətəndaşın rifahı istiqamətində addımlar atmaq deməkdir: "Olduqca ciddi, əhəmiyyətli, strateji bir regionda yerləşən ölkəmiz təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət nəticəsində öz stabilliyini qoruyub saxlaya bilib. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib".

V.Seyidov qeyd edib ki, 10 il ərzində regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət Proqramlarının qəbulu, aparılan siyasi kurs, abadlıq və quruculuq işləri, yeni iş yerlərinin açılması Azərbaycanın daha da inkişafına səbəb olub: "Azərbaycan Prezidenti daim xalqa arxa, dayaq olur, insanların problemlərini öyrənib, sosial müdafiəyə ehtiyacı olanlara müntəzəm qayğı göstərir. Cənab İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, ölkənin bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən qayğının parlaq təzahürüdür. 9 oktyabrda bu sabitliyin, stabilliyin, inkişafın davamı üçün seçiciləri aktiv olaraq Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıram".

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Sevinc Fətəliyeva son 10 ildə həyata keçirilən uğurlu siyasi kursdan, irimiqyaslı layihələrdən, abadlıq-quruculuq işlərindən danışıb: "Ulu Öndərin siyasi məktəbindən bəhrələnən, yüksək intellekti və qabiliyyəti ilə Azərbaycan dövlətinə uğurlar gətirən Azərbaycan Prezidenti İlham Əliyevin səyi və qətiyyəti nəticəsində ölkəmizdə sosial, iqtisadi və siyasi sabitlik təmin edilib. Vətəndaş-dövlət birliyinə nail olunub, bu və ya digər amillər Azərbaycanın yüksələn xətlə inkişafına səbəbdir. İctimai-siyasi sabitlik olmadan hər hansı inkişaf mümkün deyil. Ölkə rəhbəri bu sabitliyin qarantıdır. Bu inkişafın davamı üçün, İlhamla İRƏLİ!".

Görüşdə çıxış edən Milli Məclisin üzvü Ağacan Abıyev bu gün hər bir ölkə vətəndaşının müstəqil Azərbaycanın tarixində növbəti mühüm tarixi hadisə olan prezident seçkiləri ərəfəsində olduğunu bildirib. Artıq bir neçə gündən sonra Azərbaycan xalqı iradəsini ortaya qoyaraq layiqli övladına səs verəcək: "Ötən 10 il ərzində həm daxili, həm də xarici siyasət ölkəmizin milli maraqlarına uyğun həyata keçirilib, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Bu gün Azərbaycanın sürətli iqtisadi inkişafı, təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitlik bir çox dünya ölkələrinə nümunədir".

O, bildirib ki, bu gün Azərbaycan dünyada neft ölkəsi kimi də tanınır: "Ümummilli Liderin müdrik siyasəti nəticəsində 1994-cü ilin sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Neft strategiyasının həyata keçirilməsində neftçilərin də böyük əməyini vurğulamaq vacibdir. "Əsrin müqaviləsi"nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Neft strategiyasi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan cəmiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevdir. 9 oktyabr prezident seçkilərində gələcəyini düşünən Azərbaycan vətəndaşı ölkəmizin gələcəyinə, gələcək inkişafına, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamına səs verəcək".

Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova çıxışında bildirib ki, Suraxanı rayonundan 360 nəfər şəhid olub: "Onlardan altısı Azərbaycanın Milli Qəhrəmanıdır. O, şəhid analarından biri də mənəm. Ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq hökm sürür. Bu xoş güzəranımız üçün Cənab İlham Əliyevə minnətdarıq. Ona görə də, oktyabrın 9-da yekdilliklə özünün inam və ümid yeri, Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, təminatlı gələcəyə İlham Əliyevə səs verəcəyik".

Seçicilərdən Qadir Əliyev, Nazim Qafarov, Ceyhun Şirəliyev, Bəhram Dadaşov və başqaları çıxış edərək bildirdilər ki, seçkilərdə iştirak etmək hər bir vətəndaşın konstitusion hüququdur. Qeyd olunub ki, Cənab İlham Əliyevlə rəqabət apara biləcək şəxs yoxdur. Onun rəhbərliyi ilə Azərbaycan öz tərəqqisinin zirvəsinə yüksəlib. Bildirildi ki, Azərbaycanın hərtərəfli inkişafı və bu inkişafın davamlı olması üçün seçicilər İlham Əliyevə səs verəcəklər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə