Masallı sakinlərindən YAP namizədinə böyük dəstək!

Masallı sakinlərindən YAP namizədinə böyük dəstək!

Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri öncəsi Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası çərçivəsində Masallı rayonundan Milli Məclisə deputat seçilmiş Nəriman Əliyev və Elmira Axundovanın iştirakı ilə YAP Masallı rayon təşkilatı tərəfindən rayonun Şərəfə, Səmidxan və Köhnə Alvadı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, həmçinin, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışıb: "Yaşadığı ərazinin kənd və ya şəhər olmasından asılı olmayaraq, hər bir vətəndaş cənab İlham Əliyevin fəaliyyətinin bəhrəsini öz yaşamında və həyatında hiss edir. Abadlıq-quruculuq işləri xalqın xoş, rahat yaşayışına şərait yaradır. Biz əminik ki, xalqımız aparılan siyasəti yüksək qiymətləndirir. İnsanlarımız son 10 ildə əldə olunan nailiyyətlərlə yanaşı, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sabitliyin Prezident İlham Əliyev tərəfindən qorunmasını yüksək qiymətləndirir".

Daha sonra çıxış edən millət vəkili Elmira Axundova gənc seçicilərə müraciət edərək, hazırda onun rəhbərliyi altında ölkəmizin sakinləri və şəhərimizin qonaqlarının rahat, demokratik, firavan yaşadıqlarını bildirib: "Bu uğurları davam etdirmək üçün sizləri sabahımızın qarantı İlham Əliyevə səs verməyə çağırıram".

Daha sonra millət vəkili Nəriman Əliyev öz çıxışında bildirib ki, İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib. Öz növbəsində N.Əliyev də seçiciləri qarşıdan gələn Prezident seçkilərində fəal olmağa, öz gələcəkləri naminə partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Sonra kənd ağsaqqallarından Sadıq Əbilov, Mirtağı Cəfərov, şair Qəhrəman Mirzəyev, tədbir iştirakçılarından Sərdar Ağababayev, İlahə Bağırova və başqaları çıxış edərək YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə