Azərbaycan Fransada keçirilən kulinariya festivalına qatılıb

Fransanın Oloron şəhərində keçirilən beynəlxalq foto kulinariya festivalında ilk dəfə Azərbaycan da təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Festivalda müxtəlif ölkələri təmsil edən fotoqraf və aşpazlardan ibarət cütlüklər birinci yer uğrunda mübarizə aparıb. Ölkəmizin yarışda təmsil olunması Parisdə fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü ilə reallaşıb. Layihə rəhbəri Mirvari Fətəliyeva bildirib ki, müsabiqəyə qatılan 18 cütlük bu sahənin 100-ə yaxın mütəxəssisi arasından seçilib. Fransanın cənub bölgəsinin gözəl guşələrindən sayılan, Piriney dağlarının ətəyindəki Oloron şəhərində keçirilən yarışda Yaponiya, Belçika, İngiltərə kimi ölkələrin peşəkarları öz qabiliyyətini nümayiş etdirib. İki gün davam edən festivalın məqsədi müxtəlif mədəniyyətlərin mübadiləsi, yerli məhsulların və istehsalçıların tanıdılmasıdır.

Azərbaycanlı cütlüyün - Azərbaycan Fotoqraflar Birliyinin üzvü Etibar Cəfərov və Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Ağa Aşurovun təqdim etdiyi "Odlar Yurdu" adlı fotoda milli mətbəximizə aid yemək və odla dalğavarı tüstü əks olunub. Şəkildəki od Azərbaycanın Odlar Yurdu olmasına, dalğa ilə isə Xəzər dənizinə işarədir. Müsabiqənin qalibinin yaponiyalı cütlük olmasına baxmayaraq, ilk beşlikdə yer alan azərbaycanlı cütlüyün işini münsiflər heyəti maraqla qarşılayıb. Qeyd edək ki, münsiflər heyəti Fransanın peşəkar aşpaz və fotoqrafları, eyni zamanda nüfuzlu nəşriyyat evinin rəhbərlərindən ibarət idi.

Paris Azərbaycan Evinin nümayəndələri festival zamanı Oloron şəhərinin meri Berbar Uthurry, festivalın prezidenti Marie Casabane və münsiflər heyətinin rəhbəri, tanınmış aşpaz Pascal Barbota ilə görüşərək Azərbaycan haqqında geniş məlumat verib, onlara ölkəmiz və onun mətbəxi, mədəniyyətinə həsr olunmuş kitablar hədiyyə ediblər. Bu layihə Paris Azərbaycan Evinin yerli təşkilatlar və meriya ilə sıx əlaqələr qurmasına geniş imkanlar yaradıb. Qərara alınıb ki, 2015-ci ildə keçiriləcək növbəti festivalda da Azərbaycanın iştirakı təmin olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə