Azərbaycanda pensiyaçıların 342 min 373 nəfəri ahıl vətəndaşlardır

Azərbaycanda pensiyaçıların 342 min 373 nəfəri ahıl vətəndaşlardır

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı bir qrup ahılla görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DSMF sədri Səlim Müslümov ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılara dövlət qayğısının ilbəil artdığını bildirib.

Onun sözlərinə görə, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və onların pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir: "Ahıl pensiyaçıların problemləri daim diqqət mərkəzində saxlanılır və pensiyalarının təyinatı vaxtında və müasir metodlarla ödənilməsi üçün bütün metodlardan istifadə edilir. Hazırda kənd yerlərində yaşayan və pensiya ödənişi aparılan pensiyaçıların 98.8 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin ümumilikdə isə 99.5 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 701, o cümlədən kənd və qəsəbələrdə 159 bankomat fəaliyyət göstərir".

S. Müslümov vurğulayıb ki, pensiyaların artırılması istiqamətində görülən davamlı tədbirlər bütün ahıl pensiyaçıların yoxsulluq səviyyəsindən yuxarı olan pensiya məbləğlərinin almalarına gətirib çıxarıb. O qeyd edib ki, hazırda bu qəbildən olan vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 190 manat təşkil edir: "Sentyabrın 30-a olan məlumata görə, Azərbaycanda əmək pensiyaçılarının 342 min 373 nəfəri ahıl vətəndaşlardır. Onlarından 207 min 269 nəfəri qadın, 135 min 104 nəfəri kişidir. Pensiyaçıların 259 min 724 nəfəri 70-80 yaş arası, 75 min 648 nəfəri 80-90 yaş arası, 7001 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır".

Tədbirdə çıxış edən pensiyaçılar son illər əmək pensiyaçılarının sosial-müdafiəsi istiqamətində mühüm qərarlar qəbul olunduğunu və bu tədbirlərə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

Görüşün sonunda DSMF tərəfindən pensiyaçılara pul mükafatı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə