YAP Xızı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir FOTO

YAP Xızı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Yeni Yaşma kəndində keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, bu gün mədəniyyətlərin qovşağı olan Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. Ən yüksək səviyyəli enerji layihələrinin, o cümlədən fərqli təşəbbüslərin Azərbaycanın iştirakı ilə reallaşdığını dilə gətirən YAP Xızı rayon təşkilatının sədri əlavə edib ki, ölkəmiz bir sıra mədəni, siyasi tədbirlərə ev sahibliyi edir: "Bütün bunlar üçün həm iqtisadi imkan, həm siyasi əlaqələr, həm də dövlətçilik ənənəsi lazımdır. Bütün bu nailiyyətlərə Cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində imza atılıb. Əziz xızılılar, mən sizi Azərbaycanın adını daim zirvələrə daşıyan Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti 5 ildə də davam etdirilməsinə səs verməyə çağırıram".

Daha sonra çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, ölkəmizin milli inkişafını şərtləndirən fundamental faktorlardan biri də güclü siyasi iradənin fonunda həyata keçirilən rasional islahatlardır: "Bu sırada praqmatik daxili və xarici siyasət kursu, özəlliklə də siyasi-hüquqi islahatlar xüsusi əhəmiyyət kəsb edir. Bu islahatların əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, inamla davam etdirilir. Bu gün hər bir azərbaycanlı bunun fərqindədir və cənab Prezidentə dəstək olur. Mən əminəm ki, bütün vətəndaşlarımız kimi, xızılılar da oktyabrın 9-da ölkəmizin inamlı inkişafına-Prezident İlham Əliyevə səs verəcəklər".

Daha sonra tədbirdə çıxış edənlər Yeni-Yaşma kənd orta məktəbinin müəlliməsi Raziyə Şükürova, müəllim Nəriman Həsənov və kənd ağsaqqalı Mədət Əliyev qeyd ediblər ki, Xızı rayonunun sakinləri hər zaman dövlətçiliyə sadiqlik nümayiş etdiriblər. Bildiriblər ki, hər bir vətəndaşımız cənab Prezidentə inanır və onu dəstəkləyir: "Biz öz dövlət başçımıza inanırıq. Cənab İlham Əliyev Azərbaycanın ən çətin problemlərini həll etməyə qadir şəxsiyyətdir. İnanırıq ki, cənab Prezidentin rəhbərliyi altında ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllinə nail olacağıq. İnanırıq ki, Azərbaycan dövləti məhz İlham Əliyevin rəhbərliyi altında inkişaf edəcək, dünyaya səs salacaq. Biz Prezidentimizlə fəxr edir, onu dəstəkləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə