Siyəzənlilər iqtisadi inkişafa, sülh və sabitliyə səs verəcəklər
Azərbaycanın bütün şəhər və rayonlarında olduğu kimi, Siyəzən rayonunda da Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla keçirilməkdədir. Dünən Cənab İlham Əliyevin Siyəzən rayonu üzrə Seçki Qərargahının təşviqat qrupunun üzvlərinin iştirakı ilə Siyəzən rayonunun şəhər stadionunda 10 minə yaxın seçicinin iştirakı ilə "ZİRVƏ" toplantısı keçirildi. Toplantını giriş sözü ilə Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq, Cənab İlham Əliyevin 10 illik Prezidentliyi dövründə xalqa, dövlətə xeyirli, gərəkli fəaliyyətindən danışdı. Qeyd etdi ki, 10 il ərzində sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər insanların həyat şəraitinin yaxşılaşdırılmasına imkanlar yaradıb: "Kənd və qəsəbələrin qazlaşdırılması, yeni su xətlərinin çəkilməsi, insanların daimi işlə təmin olunması üçün yeni iş yerlərinin yaradılması dövlətimizin əsas sosial, iqtisadi siyasəti olub. Bu siyasətin Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsi olaraq, insanların həyat şəraiti yaxşılaşıb. Birmənalı şəkildə demək olar ki, bu gün rayonlarla paytaxt arasında olan fərq aradan qaldırılıb. İnsanlar artıq tibbi müayinə və müalicə üçün paytaxta deyil, müasir standartlara cavab verən və hər cür texniki avadanlıqlarla təchiz olunmuş kənd və qəsəbə xəstəxanalarına üz tuturlar".
E.Heydərov əminliklə bildirdi ki, Ulu Öndər Heydər Əliyev siyasətiinə sədaqətli olan siyəzənlilər 9 oktyabr prezident seçkilərində Ümummilli Liderin layiqli varisi İlham Əliyevə səs verəcəklər.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Tahir Süleymanov siyəzənlilərin xalqa, dövlətə, Ulu Öndər Heydər Əliyev siyasətinə sədaqətli olduğunu bildirərək, əminliklə qeyd etdi ki, bu dəfə də ənənəsinə sadiq qalan siyəzənlilər 9 oktyabrda Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklər.
Görüşdə təbliğat qrupunun üzvü, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara, nailiyyətlərə imza atdığını bildirdi. Qeyd etdi ki, İlham Əliyevin 10 illik Prezidentliyi dövründə həyata keçirilən iqtisadi-sosial siyasətin bəhrəsini hər bir vətəndaş öz həyatında, yaşayışında hiss edir.
B.Quliyev siyəzənliləri Azərbaycanın sabahı, işıqlı gələcəyi naminə fəal olmağa və 9 oktyabr seçkiləri günü məntəqələrə gedərək, İlham Əliyevə səs verməyə çağırdı.
Sonda "ZİRVƏ" toplantısı incəsənət ustalarının konsert proqramı ilə davam edib.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB