"Ruh" Jurnalistləri Müdafiə Komitəsinin media qurumları arasında keçirdiyi sorğuya əsasən, prezident İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi dövlət başçısının diqqət və qayğısının kütləvi informasiya vasitələri tərəfindən müsbət qarşılanmasının göstəricisi oldu. Son 10 il ərzində yaradılan şərait nəticəsində ölkənin əksər kütləvi informasiya vasitələri öz çevrələrini genişləndirib, şaxələnərək media qruplara çevriliblər.
Son on ildəki inkişaf nəticəsində Azərbaycan kütləvi informasiya vasitələri dünyanın media nəhəngləri ilə istər keyfiyyət, istərsə də operativlik baxımından rəqabətə davamlı vəziyyətə gəlib. Ölkədə ənənəvi mətbuatla yanaşı, yeni media formalaşıb və onların fəaliyyəti kifayət qədər peşəkarlaşıb.
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyir ki, ölkənin inkişafı, informasiyalı cəmiyyətin formalaşmasında "Azad fikir" amilinin böyük əhəmiyyəti var. Onun sözlərinə görə Sovet dövrü və 1990-cı illərin əvvəllərindən fərqli olaraq azad ölkəmizin azad vətəndaşları indi öz söz və mövqelərini azad şəkildə ifadə edə bilirlər.
SSRİ və 1993-cü ilə qədərki Azərbaycan jurnalistikasının vəziyyətini görmüş, o zamanlar çalışmış yazarların, publisistlərin hamısı indi çox xoşbəxtdir. Çünki onların qələmini sındıran, yazılarına görə təqib edən, döyən, ölümlə hədələyənlər ölkənin xaoslu keçmişində qalıblar. Artıq 123 illik senzuradan çıxmış Azərbaycan mətbuatı rahat nəfəs alır. İndi Azərbaycan jurnalisitikasının sədası həm ölkə daxilində, həm də dünya arenasında duyulmaqdadır.
"Bu gün Azərbaycan hökuməti mətbuata nəzarət etmir, amma qayğı göstərir. Jurnalistlərə göstərilən bu dövlət qayğısına isə bütün dünya ölkələri qibtə edir. Ələlxüsus da, əcnəbi jurnalistlər". Bəhruz Quliyevin sözlərinə görə, mətbuat ən böyük sevinci bu ilin iyul ayının 22-də yaşadı. Ölkə başçısı İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılışını etdi. Dünya mətbuatı Azərbaycan dövlətinin jurnalistlərə bu qayğısına da fərqli reaksiya nümayiş etdirdi.
Media kapitanları deyirlər ki, kütləvi informasiya vasitələri strukturlarının inkişafı üçün zəruri olan bütün meyarlar Azərbaycanda var. Ən əsası da söz, fikir azadlığı və dövlətin sonsuz qayğısı. Bunun nəticəsidir ki, indi jurnalistika ixtisasını bitirən gənclər işsiz qalmırlar, ixtisasları üzrə fəaliyyət göstərirlər. Çünki son on ildə media qurumlarının sayı da sürətlə artıb. Azərbaycanda kütləvi informasiya vasitələrinin sayı 5 minə çatıb.
Anar Rəhimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB