Bu gün Atatürk Mərkəzində Mətbuat Şurası, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Avrasiya Beynəlxalq Mətbuat Fondu TRT-nin baş direktoru İbrahim Şahini türk dünyasına göstərdiyi xidmətlərə görə və TRT AVAZ kanalının iş fəaliyyəti, nailiyyətləri münasibətilə "Türk dünyası üstün mükafatı" ilə təltif edib.
SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, millət vəkilləri Qənirə Paşayeva, Nizami Cəfərov, Musa Qasımlı, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və digər mətbuat nümayəndələri iştirak ediblər.
İlk çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, TRT-də Azərbaycanla bağlı 13 mindən artıq xəbər, 1000-ə yaxın 30 dəqiqəlik material təqdim olunub. Onun sözlərinə görə, ölkəmizin türk dünyasına və dünya ölkələrində tanınmasında TRT kanalının böyük rolu var: "TRT kanalı bizim üçün çox böyük işlər görüb. Biz TRT kanalında olanda özümü evimizdəki kimi hiss edirik. Bu kanal həm də bizim kanaldır. TRT AVAZ 4 saat Azərbaycan üçün efir vaxtı ayırır. İbrahim Şahin Qarabağı görməsə də, ora ilə bağlı çoxlu materiallar hazırlayıb, ictimaiyyətə təqdim edir. Onu Qarabağlı adlandırmaq olar".
Tədbirin davamında çıxış edən Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov bildirib ki, TRT kanalı təkcə türklərin deyil, həm də Azərbaycanın kanalıdır: "TRT dünyanın beş kanalı arasındadır. Kanalda məlumatlar düzgün, qərəzsiz, siyasiləşdirilmədən yayımlanır".
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, TRT-nin Azərbaycandakı statusu milli televiziyalardan - AzTV, İctimai TV-dən fərqlənmir. Onun sözlərinə görə, TRT həm mənəvi, həm də hüquqi baxımdan bizim kanaldır: "Bizim elə bir sahəmiz yoxdur ki, həmin kanalda işıqlandırılmasın. TRT bizi türk dünyasına və dünyaya tanıdır. Bu kanal həm də bizimdir və hər zaman da bizim olacaq".
Tədbir mükafatlandırılma ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB