YAP Gəncə şəhər Təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

YAP Gəncə şəhər Təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir sıra bölgələrində, o cümlədən Azərbaycanın qədim şəhəri Gəncədə də 9 oktyabr Prezident seçkiləri ilə əlaqədar təbliğat – təşviqat görüşləri davam etdirilir. SİA-nın məlumatına görə, bununla əlaqədar YAP Gəncə şəhər təşkilatında 9 oktyabr Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, təbliğat – təşviqat qrupunun üzvləri, partiya fəalları, ictimaiyyət nümayəndələri və ilk dəfə səs verəcək seçicilər iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, 9 oktyabr Prezident seçkiləri ilə bağlı Gəncə şəhərində həyata keçirilən təbliğat – təşviqat görüşləri uğurla davam edir: "Şəhərimizin müxtəlif yaşayış massivlərində müəyyənləşdirilmiş yerlərdə keçirilən təbliğat – təşviqat kampaniyasında çoxlu sayda seçici iştirak edib ki, onların da böyük əksəriyyəti gənclərdən ibarətdir. Bu, Gəncə gənclərinin Ulu öndər Heydər Əliyevin müdrik siyasi kursuna sədaqətinin, Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını layiqincə doğrultmalarının, eyni zamanda liderlərinə olan sonsuz inamın nümunəsidir. Sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta cəmiyyətdəki ictimai – siyasi proseslərin aparıcı qüvvələri kimi çıxış edirlər".

YAP Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev isə çıxışında bildirib ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edib: "Prezidentimiz hər zaman gənclərə malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını da əsirgəmir. Gəncə gəncləri 9 oktyabr Prezident seçkilərində aktiv olacaq, layiqli namizəd cənab İlham Əliyevə səs verəcəklər".

Tədbirdə çıxış edən YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə isə öz növbəsində Azərbaycan gənclərinin böyük imkan mənbələrinin olduğunu söyləyib: "Bəzən gənclərin vəziyyətinə nəzər yetirərkən müxtəlif problemlər ortaya çıxır. Mən gəncləri öz inkişafında dəyişikliklər edə biləcək önəmli tərəflər hesab edirəm. Gənc oğlanlarla yanaşı, qızlarımız da öz fərdi inkişafları naminə çalışmalı, istedadlarını nümayiş etdirməlidirlər. Son zamanlar qadınların, gənc qızların mövqeyi cəmiyyətdə güclənir, onların fundamental hüquqlardan istifadəsi üçün əsaslı qərarlar qəbul edilir. İctimai işlərdə də qızların sayının kifayət qədər olması, Azərbaycanda gənclərin hərtərəfli inkişafını bir daha təsdiq edir. Odur ki, hər bir gənc onlara bəxş edilən bu imkanlardan öz fərdi inkişafı naminə düzgün şəkildə istifadə etməli, respublikamızı dünya arenasında doğru mövqedə tanıtmalıdır. Bizim gənclik buna qadirdir".

Qeyd edək ki, tədbirin sonunda Prezident seçkilərində ilk dəfə olaraq səs verəcək tələbələrə hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə