Lənkəranın icra başçısı növbəti görüşünü Boladi kəndində keçirib

Lənkəranın icra başçısı növbəti görüşünü Boladi kəndində keçirib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 30-da Boladı kəndində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Lənkəran ŞİH başçısının Boladı inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Mehdiyev ərazidə 2048 təsərrüfatda 8797 nəfər əhalinin yaşadığını bildirdi, bir sıra sosial layihələrin həyata keçirildiyini söyləyib və bəzi problemləri İcra başçısının diqqətinə çatdırıb.

Kənd sakinlərindən Ramazan Quliyev, Ağabala Axundov, Rövşən Bağırov, Xatun Abdullayeva, Aşur Mahmudov, Dövlət Fətullayev, Könül İsmayılova, Əflatun Tahirov və başqaları çıxış edərək ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun tikintisinə görə dövlət başçımıza minnətdarlıqlarını bildirərək oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini əminliklə söyləyiblər.

Çıxış edənlər həmçinin onları narahat edən məsələləri – qəbristanlığa gedən 150 metrlik yolun asfaltlaşdırılmasını, uşaq bağçasının təmirə ehtiyacı olduğunu və s. İcra başçısının diqqətinə çatdırıblar.

Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Azərbaycanda son 10 il ərzində qazanılan uğurların ölkəmizdə mövcud ictimai-siyasi sabitlik sayəsində əldə edildiyini, bütün səylərin ərazi bütövlüyümüzün və torpaqlarımızın azad olunmasına yönəldildiyini diqqətə çatdırıb, respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışıb, son 1 il ərzində dövlət başçımızın rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamların uğurla icra edildiyini qeyd edib, bu işdə lənkəranlıların əməyini yüksək dəyərləndirib.

İcra başçısı, eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2013-cü il tarixli Sərəncamına əsasən 47 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan ayrılan vəsaitə görə dövlət başçısına lənkəranlılar adından dərin minnətdarlığını bildirib.

Taleh Qaraşov sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin tezliklə həll ediləcəyini, aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə