“Nar Mobile” Beynəlxalq Karlar Günündə sosial aksiya keçirib

“Nar Mobile” Beynəlxalq Karlar Günündə sosial aksiya keçirib

Korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalan "Nar Mobile" daha bir xeyriyyə təşəbbüsü ilə çıxış edib. SİA-ya verilən məlumata görə, hər il ənənəvi olaraq sentyabr ayının sonuncu həftəsində dünya miqyasında keçirilən Beynəlxalq Karlar Günü bu dəfə də "Nar Mobile" rəhbərliyinin diqqətindən yayınmayıb.

Beynəlxalq Karlar Günü münasibətilə keçirilmiş bayram tədbirində çıxış edən Azərbaycan Karlar Cəmiyyətinin sədri Tapdıq Xalıqov və sədrin 1-ci müavini Musa Tukanov tədbirin əhəmiyyətindən bəhs edib, göstərdiyi dəstəyə görə "Nar Mobile" mobil operatoruna öz təşəkkürlərini bildiriblər. Mərasimə qatılan "Nar Mobile" əməkdaşları isə iştirakçılara mobil operator tərəfindən eşitmə qüsurlular üçün xüsusi olaraq hazırlanan kompüterdən istifadə video-kursları – DVD-lər hədiyyə ediblər. Eşitmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə qazandırılması istiqamətində göstərilən fəaliyyətin əhəmiyyətindən bəhs edən şirkətin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət üzrə rəhbəri Nigar Arpadarai, "Nar Mobile" mobil operatoru tərəfindən təşkil edilən kompüterdən istifadə video-kurslarının üstünlüklərindən söhbət açıb.

Qeyd edək ki, video-kurslar eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslər üçün ilkin hazırlıq xarakteri daşımaqla bərabər, onların ofis mühitinə tamamilə rahatlıqla adaptasiya olmaları üçün geniş imkanlar yaradacaq. "Microsoft Word", "Microsoft Excel", "Microsoft PowerPoint" və digər əsas kompüter proqramlarını tədris edən bu DVD-lər onlarda kompyüter texnologiyaları haqqında baza biliklərinin formalaşmasına bilavasitə yardım edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə