Aşqarlar Kimyası İnstitutunda yeniliklər həyata keçirilib

Aşqarlar Kimyası İnstitutunda yeniliklər həyata keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda bir sıra yeniliklər həyata keçirilib. SİA-ya verilən məlumata görə, elmi müəssisədə gənc alimlər üçün xüsusi istedad laboratoriyası yaradılıb. Laboratoriyaya xaricdən elektron mikroskopu, infraqırmızı və ultrabənövşəyi spektrometrlər, xromato-kütlə spektrometri, xromatoqraf və başqa lazımi elmi avadanlıqlar gətirilib. İnstitutda doktorantlardan ibarət tədqiqat qrupu yaradılıb. Qrup laboratoriyada həm tədqiqatlar aparır, həm də universitetlərdən cəlb olunan magistr və bakalavrların praktika keçməsinə kömək edir.

Burada Bakı Dövlət Universitetinin "Neft kimyası və kimya texnologiyası" kafedrasının "Aşqarlar, yanacaqlar, yağlar, sürtgülər və xüsusi mayelər" adlı filialı da təşkil olunub. Dərslərin aparılması üçün otaq ayrılıb, texniki imkanlarla təmin olunub, bütün təchizatlar qurulub. Universitetin magistrantları kafedrada üzvi kimya və neft kimyası istiqamətlərində tədqiqatlar aparacaq, alimlərdən dərs alacaq, laborator işlərdə, layihələrdə iştirak edəcəklər. Təşəbbüsdə məqsəd elm və təhsilin əlaqələndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq vərdişlərinin formalaşdırılması və ən ümdəsi istedadlı gənc mütəxəssislərin elmə axınını təmin etməkdir.

Aşqarlar Kimyası İnstitutu ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Zəngi liseyi istedadlı şagirdlərin marağını elmə cəlb etmək üçün "Sabahın gənc alimləri" adlı layihə həyata keçirmək barədə razılığa gəliblər. Şagirdlər institutun laboratoriyalarında maddi-texniki avadanlıqlarla tanış olacaq, yenilikləri əyani izləyə biləcəklər. Məqsəd istedadlı şagirdlərdə kimya elminə maraq oyatmaq, onlara təbiət elminin bu istiqamətinin aktual problemləri haqqında məlumat verməkdir.

Kimya üzrə elmi-tədqiqat institutları arasında ilk dəfə Aşqarlar Kimyası İnstitutu 2013-cü il sentyabrın 9-da gənc alimlər üçün "Ən yaxşı məruzə" müsabiqəsi elan edib. Müsabiqədə iştirak etmək istəyənlər kimyanın aktual problemləri üzrə apardıqları tədqiqat işləri ilə bağlı məruzələr təqdim edə bilər. Onlar konkret mövzu seçməli və oktyabrın sonuna qədər məruzələri hazırlayaraq müsabiqənin təşkilat komitəsinə təqdim etməlidir. Hər həftə bir iştirakçı 15 dəqiqə ərzində nümayiş materialları əsasında çıxış edəcək. Çıxışlar ekspertlər tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və pul mükafatları ilə təltif olunacaqlar.

Qeyd edək ki, layihədə məqsəd gənc alimlərin həm beynəlxalq konfranslara hazırlığını, həm də elmi tədqiqatlara marağını stimullaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə