Bu gün BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun Nyu Yorkda keçirilən yüksək səviyyəli illik görüşündə bu qurumla Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi imzalanıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müqaviləni BMT tərəfindən Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndə Nasser Abdulaziz Al-Nassir, Azərbaycan tərəfindən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov imzalayıb.
İmzalanan müqavilə beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoq üzrə ən ali platforma olan BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.
Müqaviləyə əsasən Sivilizasiyalar Alyansı ilə Dövlət Komitəsi tərəfindən təsis edilən Milli Tolerantlıq Mərkəzinin fəaliyyətinə, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünyada yayılmasına dəstək veriləcək. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanan"Azərbaycan – Tolerantlıq Məkanı" foto sərgisi Sivilizasiyalar Alyansının tədbirlərində, o cümlədən 2014-cü ildə İndoneziyada keçiriləcək Forumda təşkil olunacaq. Müqaviləyə əsasən iki qurum tərəfindən həyata keçiriləcək layihələr sırasında 2014-cü ildə Azərbaycanda baş tutacaq gənclər üçün Yay Məktəbi və "Photolerance" foto müsabiqəsi də var. İmzalanma zamanı çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir müqavilənin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tolerantlıq modelinə verdiyi yüksək qiymət kimi dəyərləndirmiş və bununla iki qurum arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB