Salyanda seçicilərlə görüş keçirilib FOTO

Salyanda seçicilərlə görüş keçirilib FOTO

Salyan şəhərində prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində mitinq görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşü açan Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov prezidentliyə namizəd İlham Əliyevin üstün cəhətləri üzərində dayanaraq seçiciləri oktyabrın 9-da fəallıq göstərməyə səsləyib.

Daha sonra tədbirdə çıxış edən millət vəkili Əliağa Hüseynov, YAP Mərkəzi Aparatının məsul işçisi Kərim Kərimov və YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev seçiciləri seçki günü fəallıq göstərməyə və səslərini İlham Əliyevə verməyə çağırıblar.

Mitinqdə çıxış edən millət vəkili Fəzail Ağamalı oktyabrın 9-nu Azərbaycanın dövlətçilik tarixində mühüm və son dərəcə vacib hadisə kimi önə çəkib. O, hər bir Azərbaycan vətəndaşının bu prosesdə fəal iştirak etməsini vətəndaşlıq borcu kimi dəyərləndirib. Fəzail Ağamalı İlham Əliyevin son 10 ildə Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərini konkret faktlar əsasında seçicilərin diqqətinə çatdırıb: "Cənab İlham Əliyevin prezidentliyi dövründə onun həyata keçirdiyi daxili və xarici siyasətin konkret nəticələri hər bir Azərbaycan vətəndaşının həyatında özünü ifadə edib. Mən seçiciləri növbəti illərdə də inkişafımızı, firavanlığımızı, dövlətimizin və hər bir azərbaycanlının təhlükəsizliyini təmin edəcək İlham Əliyevə səs verməyə dəvət edirəm".

Qeyd edək ki, görüş rəngarəng konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə