Növbəti görüş Gərmətük qəsəbəsi və Velədi kənd sakinləri ilə oldu FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 27-də Gərmətük qəsəbəsinin və Velədi kəndinin sakinləri ilə keçirib.

Görüşü Lənkəran ŞİH başçısının Gərmətük inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vadim Qasımov açaraq bildirdi ki, nümayəndəlik Gərmətük qəsəbəsini və Velədi kəndini əhatə edir. Gərmətük qəsəbəsində 4267 nəfər, Velədi kəndində isə 1678 nəfər əhali yaşayır.

İcra nümayəndəsi ərazidə aparılan abadlıq və səliqə-sahman işləri barədə də məlumat verib, bir sıra sosial məsələləri İcra başçısının diqqətinə çatdırıb.

Sonra qəsəbə və kənd sakinlərindən Sərhad Məmmədov, Baloğlan İbadov, Zərintac İsmayılova, Aqil Babayev, Mahizər Məcidova, Natella Rufiyeva və başqaları ürək sözlərini söyləyiblər, respublikamızda, eləcə də rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildiriblər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə dövlət başçımızın namizədliyini dəstəkləyəcəklərini əminliklə söyləyiblər.

Natella Rufiyeva həmçinin çıxışında Velədi kənd ümumi orta məktəbinin yerləşdiyi ərazidə, magistral yolun ətrafında avtobus dayanacağının qoyulmasının vacibliyini söyləyib. İcra başçısı bununla əlaqədar məsələnin operativ yerinə yetirilməsini tapşırıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq son 10 ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılmış uğurlardan ətraflı bəhs edib, sosial problemlərin cənab Prezidentin siyasətinin əsasını təşkil etdiyini bildirib, Ulu Öndər Heydər Əliyev məktəbində yetişmiş və formalaşmış cənab İlham Əliyevin hazırda Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin yaradıldığını və bu sabitliyi qoruyub saxlamağın vacibliyini diqqətə çatdırıb, ölkə vətəndaşlarının təhlükəsizliyinin tam təmin olunduğunu xüsusi vurğulayıb, Azərbaycanın demokratik və hüquqi dövlət olduğunu söyləyib.

İcra başçısı son 1 il ərzində dövlət başçımız tərəfindən Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı 8 Sərəncamdan irəli gələn vəzifələrin rayonumuzda hazırda uğurla icra edilməsindən, bunun möhtərəm Prezidentimizin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğının təzahürü olmasından danışıb, Lənkəranda yeni infrastruktur layihələrinin müvəffəqiyyətlə yerinə yetirildiyini bir daha diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə