“İlhamlı sabahımıza İlhamla irəli!" FOTO

“İlhamlı sabahımıza İlhamla irəli!" FOTO

9 oktyabr Prezident seçkiləri ilə bağlı tədbirlər planına əsasən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatı təbliğat–təşviqat kampaniyasını davam etdirir. SİA-nın məlumatına görə, görüşdə Gəncə şəhər Təşkilatının İdarə Heyəti və Şura üzvləri, təbliğat–təşviqat qrupunun üzvləri, partiya fəalları, ictimaiyyət nümayəndələri və seçicilər iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Gəncədə gedən quruculuq işlərindən, o cümlədən mədəniyyət abidələrinin qədimliyi qorunub saxlanılaraq, yenidən bərpa edilməsindən, yeni–yeni parkların, mədəniyyət ocaqlarının yaradılmasından, bütün bunların gənclərin milli ruhunun yüksəlməsində müstəsna əhəmiyyət kəsb etməsindən və gələcək nəslə ən dəyərli töhfələr verməsindən bəhs edib: "Hər bir xalqı onun mədəni irsinə görə tanıyır və qiymətləndirirlər. Dünyada Azərbaycan xalqının şərq irsli və özünəməxsusluğu ilə seçilən mədəniyyəti yüksək qiymətləndirilir. 2003-2013-cü illəri ölkəmizin mədəni irsinin beynəlxalq auditoriyanın diqqət mərkəzinə gətirilməsi və dünya səviyyəsində qorunmasına nail olunması ilə də səciyyələndirmək olar".

Naqif Həmzəyev, həmçinin yaşayıb yaratmaq eşqimizi pərvazlandıran, hər birimizə əzəmət və qürur bəxş edən, ölkəmizi qüdrətli dövlətlər sırasına çıxaran Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək, 9 oktyabrda gəncəliləri ölkədə alternativsiz lider olan cənab İlham Əliyevə səs verməyə çağırıb.

Sonra təbliğat-təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər Təşkilatının sədr müavini Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının Şura üzvləri GDU-nun tarix-coğrafiya fakültəsinin dekanı, professor Həsənbala Sadıqov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, AzTU-nun dosenti Yusif Yusifəliyev çıxış edərək bildiriblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə sadiq qalan cənab İlham Əliyev respublikanı dünya miqyasında şöhrət qazanan müasir dövlət səviyyəsinə qaldırıb: "Zamanın tələbini, insanların istəklərini yüksək intellekti, siyasi hazırlığı, qətiyyəti, uğurlu diplomatiyası, xalqına olan bitib tükənməz məhəbbəti ilə təmin edən cənab İlham Əliyev Azərbaycan Prezidentliyinə alternativi olmayan namizəddir. Bizim seçimimiz bəllidir: "İlhamlı sabahımıza İlhamla irəli! Biz sözümüzü 2003-cü ilin Prezident seçkilərində də demişik və yenə də deyirik. Ölkəmizdə müstəqilliyə, daimi inkişafa, xoşbəxt gələcəyə səs verəcəyik! Biz sevimli rəhbərimizlə həmişə birlikdəyik və birlikdə olmaq istəyirik".

Təbliğat – təşviqat görüşü Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanlanan möhtəşəm şüarların səslənməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə