TQDK jurnalistləri mükafatlandırdı

TQDK jurnalistləri mükafatlandırdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən elan olunmuş müsabiqənin qalibi olmuş jurnalistlər mükafatlandırılıb. SİA-nın xəbərinə görə, TQDK avqust ayında jurnalistlər üçün müsabiqə elan edib. Müsabiqə 2 nominasiya üzrə - 2013/2014-cü tədris ili üzrə qəbul kampaniyasının gedişinə həsr olunmuş "Ən yaxşı məqalə" və "Ən yaxşı televiziya və ya radio reportajı" üzrə aparılıb.

Hər iki nominasiya üzrə ayrılıqda ilk 3 yerə layiq görülmüş KİV təmsilçilərinə I yerə 1000 manat, II yer 800 manat, III yer 600 manat məbləğində mükafat təqdim olunması müəyyənləşdirilib. Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirilməsi üçün TQDK rəhbərliyi tərəfindən müsabiqə komissiyası yaradılıb. Komissiyanın tərkibinə TQDK-nın şöbə müdirləri və "Abituriyent" jurnalının redaktoru daxildir. Bütün yazılar komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra ayrı-ayrılıqda qiymətləndirilib. Verilən qiymətlər əsasında məsul şəxslər tərəfindən qaliblər müəyyənləşdirilib.

"Ən yaxşı məqalə" nominasiyası üzrə I yerə İbrahim Məmmədov ("Azərtac"), II yerə Könül Cəfərova (apa), III yerə Nigar Abdullayeva ("Palitra" qəzeti), "Ən yaxşı televiziya süjeti" nominasiyasında I yerə Kərəm Ələsgərov (ATV), II yer-ə Ramin Qurban (AzTV), III yerə Ülviyyə Əlləzova (İTV) layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə