Dünyanın səkkizinci möcüzəsi Azərbaycan neft daşları

Almaniyanın "Prosieben" telekanalı "Qaliley" adlı məşhur ensiklopedik verilişində Azərbaycandakı "Üzən şəhər" - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Neft daşları" barədə reportaj nümayiş etdirib. SİA-nın məlumatına görə, 1949-cu ildə inşa edilən "Neft daşları" dünyada nəinki ilk, həm də ən böyük ofşor neft platformalarından biridir. Verilişdə deyilir ki, 2 milyard ton neft ehtiyatlarına malik olan Azərbaycan hələ 20 il AFR-in bu xammala olan tələbatını tam təmin edə bilərdi. "Neft daşları"nı dünyanın səkkizinci möcüzəsi adlandıran videoreportajın müəllifləri bildirirlər ki, burada təxminən 2500 nəfər işçi çalışır. Nəhəng platformada daim yaşayan neftçilərə və digər işçilərə ev təsərrüfatını idarə etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün hər cür şərait yaradılıb.

Almaniya jurnalistləri xatırladırlar ki, "Neft daşları" təkcə neftçiləri cəlb etmir, həm də Qərb kinorejissorlarının maraq obyektidir. Platforma agent Ceyms Bond haqqında məşhur Hollivud filmlərindən birinin çəkiliş yeri olub.

Sənədli reportajda o da bildirilir ki, platformanın "çiçəklənməsi" dövrü ötən əsrin 60-cı illərinə təsadüf etsə də, burada hələ də yeni yataqlar aşkar edilir. Müəlliflər vurğulayırlar ki, planetimizin ən qocaman neft platformasında müntəzəm olaraq infrastrukturun yenidən qurulması işləri həyata keçirilir.

"Neft daşları"nı Bakı ilə Xəzər dənizinin dibi ilə çəkilmiş boru kəmərləri birləşdirir. Sujetdə deyilir: "Bakı nefti müxtəlif marşrut və yollarla Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrə ixrac edilir. Azərbaycan əhəmiyyətinə görə Almaniyanın yeddinci neft təchizatçısıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə