Azercell-in mədəniyyətimizin inkişafına yönəlik daha bir layihəsi
“Musiqi ilə birləşərək”

Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və təbliği istiqamətində böyük layihələrə imza atan Azercell Telekom MMC bu istiqamətdə fəaliyyətini bu gün də davam etdirir. Fəaliyyətində sosial layihələrə üstünlük verən şirkət 17 il ərzində bu layihələrə 17 milyon ABŞ dolları dəyərində vəsait xərcləyib.

Musiqi onları birləşdirdi

Azercell-in baş səhmdarı olan TeliaSonera şirkətinin 2012 və 2013- cü ildə imza atdığı "Musiqi ilə birləşərək" layihəsi isə Azərbaycanda həm peşəkar musiqiçilər, həm də tələbələr tərəfindən böyük marağa səbəb oldu. Layihə çərçivəsində ilk dəfə 2012-ci ilin fevralın 9-15-də Finlandiyanın Savonlinna Musiqi Akademiyasının professor heyəti Bakıda səfərdə oldular. Tanınmış sənətçilərin - Ralf Gothoni (piano), Eica Tolpo (vokal), Tom Krause, Matthias Veit və Marko Ylönen (violençel) gəlişi yalnız görüşlərlə məhdudlaşmadı. Onlar Musiqi Akademiyasının yuxarı kurs tələbələri üçün master-klass keçdilər, vokal, orkestr və simli alətlər üzrə ustad dərsləri verdilər. Savonlinna ustadlarının Bakı səfəri daha bir əlamətdar xəbərlə yadda qaldı. Məlum oldu ki, TeliaSonera şirkətinin təşəbbüsü ilə baş tutan bu proqram çərçivəsində Bakı Musiqi Akademiyasının ən istedadlı 8 tələbəsi Savonlinna Yay Məktəbi dərslərində iştirak edəcəklər. Beləliklə, dünyanın dörd bir yanından istedadlı gənclərin toplaşdığı bu tədris kurslarına azərbaycanlı musiqiçilər də qatıldılar. 24 iyun-4 iyul tarixlərində Finlandiyada keçirilən Yay Məktəbində TeliaSonera şirkəti və Azercell Telekom MMC-nin dəstəyi ilə iki tələbə - vokal üzrə təhsil alan Aytac Şıxəlizadə və Nəzrin Zərbəliyeva Savonlinnadakı musiqi bayramına qatıldılar. Gənc musiqiçilər Savonlinna Musiqi Akademiyasının professoru Tomas Krausenin rəhbərliyi altında kurs keçdilər. Avqust ayında isə Əliyeva Jalə, Quliyev Muşfiq, Mehmandarov Mustafa, Mahmudbəyli Üzeyir, Abdullayeva Təhminə, İsmayılova Failə Savonlinna yay məktəbində iştirak etmək imkanı əldə etdilər. Bu proqram iştirakçılara zəngin təcrübə mübadiləsi aparmağa, həm də əsl sənətçilərdən dərs almağa imkan yaradır.

"Açığı bilmirəm "Azercell"ə necə təşəkkür edim... "Azercell"in bu təşəbbüsü bütün həyatımızı dəyişdi. Bu layihəyə qədər vokalı başqa cür qavrayırdıq, Azərbaycan musiqisinin dünya musiqisi ilə müqayisəsini tamam fərqli formada aparırdıq. Fikrimcə, bu layihə "Azercell"in mədəniyyətimizə çox fərqli diqqətinin göstəricisidir"-deyən kurs iştirakçısı Nəzrin Zərbəliyeva bu layihənin onun həyatında çox önəmli rol oynadığını vurğulayır.

"Azercell bizə xəyal edə bilmədiyimiz imkanı yaratdı. Yəqin ki, Azercell bu layihəni həyata keçirəndə qarşısına Azərbaycan gənclərinin inkişafını məqsəd kimi qoymuşdu. Məncə, bu vəzifənin öhdəsindən çox yaxşı gəldi. Konservatoriyada oxuduğum dörd il ərzində ən işıqlı xatirəm bu olacaq" Bunu isə daha bir kurs iştirakçısı İsmayılova Failə deyir.

Azərbaycan musiqisinə töhfə

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli da finlandiyalı sənətçilərinin səfər proqramının möhtəşəm olduğunu deyir. Və azərbaycanlı tələbələrə belə bir imkanı yaşatdığına görə Azercell şirkətinin rəhbərliyinə öz minnətdarlığını bildirir. Onun sözlərinə görə, bu layihə Azərbaycan musiqisinə və akademiyanın tələbələrinin inkişafına töfhədir. F.Bədəlbəyli onu da bildirib ki, rəhbəri olduğu Akademiyada ayrı-ayrı vaxtlarda xarici musiqiçilər tərəfindən master-klasslar təşkil edilsə də, budəfəki konsert özünəməxsusluğu ilə fərqlənib və xüsusi əhəmiyyət daşıyıb. Hər kəsin böyük marağına səbəb olan sözegedən layihə bu il də baş tutdu. Layihə çərçivəsində bu il 1-8 aprel tarixlərində Finlandiyanın məşhur Savonlinna Musiqi Akademiyasının professor-müəllim heyəti yenidən Bakıda səfərdə oldular. Nümayəndə heyətinə vokal və simli alətlər üzrə peşəkar sənətçilər daxil idi. Onlar Bakı Musiqi Akademiyasının tələbələri üçün master klass keçib, onlarla birlikdə konsert programı ilə çıxış etdilər. Layihə çərçivəsində Bakı Musiqi Akademiyasının 12 tələbəsi bu il də Savonlinnada keçiriləcək musiqi bayramına qatılacaqlar.

Məlumat üçün bildirək ki, nüfuzlu Savonlinna Musiqi Akademiyasının əsası 1950-ci ildə - bu şəhərdə keçirilən Musiqi Günləri çərçivəsində qoyulub. Hazırda dünya üzrə tanınmış musiqiçilərin əksəriyyəti bu tədris ocağında təhsil alıblar. Dünyanın hər tərəfindən gənc musiqiçilər burda keçirilən ustad dərsləri, yay məktəblərinə toplaşırlar. Savonlinna hər il məşhur Opera Festivalını da təşkil edir və bununla dünya musiqi aləminin diqqətini Finlandiyaya cəlb edir. Festivalda hər il təxminən 60 000 insan iştirak edir ki, onların da əksəriyyəti əcnəbilər olur.

Ənənə davam edir

Qeyd etmək yerinə düşər ki, Azercell indiyə qədər mədəniyyət və incəsənət sahəsində gördüyü işləri saymaqla qurtamaq olmaz. Azercell həmvətənlərimizin ölkəmizdən çox-çox uzaqda keçirdiyi müxtəlif mədəniyyət tədbirlərinə dəfələrlə dəstək vermişdir. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalına da Azercell dəstək oldu. Layihə çərçivəsində Azercell-in sponsorluğu ilə Azərbaycanın görkəmli muğam ustalarının ifalarından ibarət disk işıq üzü gördü. Azercell ölkəmizdə keçirilən Eurovision 2012 müsabiqəsinin sponsoru qismində çıxış etdi. Bu il İsveçdə keçirilən bu musiqi yarışmasına isə TeliaSonera şirkəti dəstək oldu. Tanınmış sənətçilərimizin yubiley gecələri, konsertlərinin təşkili, disk və kliplərinin maliyyələşdirilməsi – bunlar şirkətin incəsənət sahəsində davamlı dəstək siyasətinin kiçik bir hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə