Bakıda “Nifrət Nitqinə Yox Hərəkatı” adlı beynəlxalq forum keçirilir

Bakıda “Nifrət Nitqinə Yox Hərəkatı” adlı beynəlxalq forum keçirilir

Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Avropa Şurasının birgə təşkilatçılığı ilə "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") adlı beynəlxalq forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, forumda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, Avropa Şurası Təhsil və Təlim Komitəsinin sədri Rui Gomes, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ARGTMŞ sədri Şahin Seyidzadə, bir sıra xarici qonaq və yerli QHT nümayəndələri iştirak ediblər.

İlk çıxış edən ARGTMŞ sədri Şahin Seyidzadə forum barədə məlumat verib. O qeyd edib ki, "No Hate Speech Movement" - "Nifrət Nitqinə Yox Hərəkatı" kampaniyası Avropa Şurası tərəfindən Gənclər Sektorunda 2012-2014-cü illər üzrə prioritet təşəbbüs kimi reallaşdırılmağa başlayıb.

Onun sözlərinə görə, Azərbaycan ARGTMŞ təmsilçiliyi ilə 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının "No Hate Speech Movement" - "Nifrət Nitqinə Yox Hərəkatı"na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib: "Bunların sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, "No Hate Speech Movement" - "Nifrət Nitqinə Yox Hərəkatı" fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir".

Ş. Seyidzadə vurğulayıb ki, forumun əsas məqsədi Azərbaycanda "Nifrət Nitqinə Yox Hərəkatı" kampaniyasının uğurla həyata keçirilməsini və inkişafını dəstəkləmək, Avropa Şurası və Azərbaycan arasında, eyni zamanda Avropa ölkələri milli koordinatorları arasında əməkdaşlığı gücləndirməkdir: "Bu məqsədlə forumda Avropa Şurasından ekspertlər və proqramın milli koordinatorları iştirak edəcək. Eyni zamanda bildirilib ki, ARGTMŞ bu ilin aprel ayından etibarən Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib".

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda əhalinin 66 faizini 35 yaşına qədər gənclər təşkil edir. O qeyd edib ki, Azərbaycan olduqca tolerant ölkədir və belə bir ölkədə bu kampaniyanın keçirilməsi yaxşı töhfələr verə bilər.

Daha sonra söz alan Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov Azərbaycanın tolerantlıq nümunəsi olmasından və gənclərin fəaliyyətindən bəhs edib: "Azərbaycan unikal ölkədir, Avropa ilə Asiya arasında strateji mövqedə yerləşir. Biz eyni zamanda Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Azərbaycanda bütün dinlərin nümayəndələri eyni şəraitdə və mehriban ünsiyyətdə yaşayır".

Tədbirin davamında Avropa Şurası Təhsil və Təlim Komitəsinin sədri Rui Gomes Avropa Şurasının bu tipdə keçirdiyi digər çoxsaylı kampaniyalardan danışıb. O, belə bir kampaniyaya dəstək verdiyi üçün Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Tədbirdə "Nifrət Nitqinə Yox Hərəkatı"ilə bağlı video rolik təqdim olunub. Daha sonra "Nifrət Nitqinə Yox Hərəkatı" ilə əlaqədar hazırlanan and səslənib.

Qeyd edək ki, forum zamanı ekspertlərin və milli koordinatorların iştirakı ilə panel görüşləri və qrup işlərinin həyata keçirilməsi planlaşdırılır. Forumun yekununda keçirilən görüşlərin nəticələrinin müzakirə edilməsi, gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi və ölkələr arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, forum sentyabrın 29-a qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə