AMEA-da "Qadın və inkişaf" mövzusunda konfrans keçirilir FOTO

AMEA-da "Qadın və inkişaf" mövzusunda konfrans keçirilir FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında "Qadın və inkişaf" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrasın keçirilməsində əsas məqsəd cəmiyyətin sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafında qadınların iştirakı və rolunun müxtəlif aspektlərini müzakirə etmək, bu istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparmaqdır.

Konfransı giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınlarımızın cəmiyyətdəki rolu, qloballaşan dəyərlər kontekstində yeni, müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasında iştirakından bəhs edib. "Qadın və inkişaf" mövzusunda məruzə ilə çıxış edən H.Hüseynova qeyd edib ki, tarixən cəmiyyətin tərəqqisində yüksək fəallıq göstərən Azərbaycan qadınları bu gün də ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafında yaxından iştirak edir, bu proseslərə öz layiqli töhfələrini verir.

Daha sonra AMEA prezidenti, akademik Akif Əlizadə "Qadınlar dövlətin, dövlətçiliyin, müstəqilliyin dayağıdır" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, hər bir azərbaycanlı üçün qadın zəngin əxlaqi keyfiyyətləri özündə əks etdirən, ən ali ehtirama layiq mənəvi varlıqdır. Azərbaycan qadınlarının elm sahəsindəki fəaliyyəti, əldə etdikləri nailiyyətlərindən də danışan AMEA prezidenti mühüm islahatların aparıldığı Milli Elmlər Akademiyasında qadın alimlərimizin elmin bütün sahələri üzrə böyük uğurlara imza atdığını qeyd edib: "Hazırda respublika üzrə elmi işçilərin 53,6%-ni qadınlar təşkil edir. Bununla yanaşı, Akademiyanın 7 elmi tədqiqat müəssisə rəhbəri qadındır. AMEA-da 600-ə yaxın doktorantın 304 nəfəri, yəni 50 faizi gənc xanımlardır".

Tədbirdə həmçinin Botanika İstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü İradə Hüseynova "Azərbaycanda elmin inkişafında qadınların rolu", AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə "Müasir Azərbaycanda gender siyasəti" mövzusunda məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə