Lənkəranın icra başçısı növbəti görüşünü Nərimanabad və Balıqçılar qəsəbəsinin sakinləri ilə keçirib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Nərimanabad və Balıqçılar qəsəbələrində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Nərimanabad və Balıqçılar qəsəbələrində görüşləri inzibati ərazi dairələrinin nümayəndələri Ağamirzə Ağayev və Dadaş Abbasov açaraq qəsəbələrin sosial-iqtisadi vəziyyəti haqqında qısa məlumat veriblər. Qeyd olunub ki, Nərimanabad qəsəbəsi və Üzümçülük yaşayış məntəqəsini birləşdirən nümayəndəlikdə 1270 təsərrüfatda 5021 nəfər, Balıqçılar qəsəbəsində isə 492 təsərrüfatda 2452 nəfər sakin yaşayır. Əhalinin əsas məşğuliyyəti balıqçılıqdır.
Sonra görüş iştirakçılarından bir neçə sakin çıxış edərək son vaxtlar nümayəndəliklərdə aparılan işlərdən, müxtəlif sahələrdə əldə olunan uğurlardan danışıblar, mövcud olan bəzi problemləri İcra başçısının diqqətinə çatdırıraq məsələlərin həlli ilə bağlı təkliflərini səsləndiriblər. Qəsəbə Ağsaqqallar şurasının sədri, Əməkdar müəllim İman Mikayılov, təqaüdçü Həsən Həsənov, Havanisə İbadova və başqaları qəsəbələrdə yerləşən məktəblərin əsaslı təmirə ehtiyacı olduğunu, ərazidə yeni səhiyyə müəssisələrinin yaradılmasının vacibliyini İcra başçısının nəzərinə çatdırıblar.
Çıxış edənlər bununla yanaşı son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda aparılan tikinti-quruculuq işlərinin ərazidən də yan keçmədiyini söyləyərək əldə olunan uğurların əhalinin həyat şəraitinin yaxşılaşmasında getdikcə daha aydın göründüyünü bildiriblər. Bütün bunlara görə dövlət başçısına minnətdar olduqlarını, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söyləyiblər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşləri yekunlaşdıraraq səsləndirilən təkliflərin qısa müddət ərzində icrasına başlanılacağını bildirib.
İcra başçısı həmçinin qeyd edib ki, cənab Prezident İlham Əliyevin Lənkərana son səfərindən sonra rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə imzaladığı sərəncamlardan biri məhz Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi və Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlıdır. Bu isə öz növbəsində ərazidə yaşayan sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına hesablanıb.
Taleh Qaraşov bildirib ki, Nərimanabad və Balıqçılar qəsəbələri böyük turizm potensialına malikdir. Lakin bura gələn yolun bərbad olması bu sahənin inkişafına maneə törədir. Yol təmir olunduqdan sonra isə əraziyə istər yerli, istərsə də xarici qonaqların cəlb edilməsi ilə burada həm yeni xidmət sahələri, həm də iş yerləri açılacaqdır. Bütün bunların ölkə başçısı İlham Əliyevin vətəndaşlara göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu söyləyən İcra başçısı hamını cənab Prezidentin ətrafında sıx birləşərək göstərilən yüksək qayğıya əməli fəaliyyətləri ilə cavab verməyə çağırıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB