Səbail rayonununda 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra açılıb
Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra açılıb. SİA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər. Mehriban xanım Əliyevaya və Arzu Əliyevaya gül dəstələri təqdim edilib. Azərbaycanın birinci xanımı binanın əvvəlki vəziyyətini əks etdirən fotolara baxış keçirib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şərait barədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin iyununda binada əsaslı yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işlərinin qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Nəticədə bu uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb.
Qeyd edilib ki, körpələr evi-uşaq bağçası 1969-cu ildə inşa edilib və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmayıb. Bağça 3 korpusdan ibarətdir. Burada 2-6 yaş arası 8 qrupda 150 uşağın təlim-tərbiyəsi ilə 18 pedaqoji və 8 texniki işçi məşğul olur. Qrupların sayına uyğun olaraq binadakı 28 otaq, həmçinin musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar bütün zəruri avadanlıqla təchiz edilib. Bağçanın otaqlarının divarları, dəhlizlər uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib.
Bağçanın korpuslarının foyelərində Ümummilli lider Heydər Əliyev və Prezident cənab İlham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdiyən fotostendlər quraşdırılıb. Ayrıca fotostend Heydər Əliyev Fondu və onun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunub.
Heydər Əliyev Fondu tərəfindən bağçaya mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilib.
Bağçanın həyətində abadlıq işləri görülüb, uşaqların istirahəti üçün köşklər, əyləncə və idman qurğuları quraşdırılıb. Həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədi ilə xüsusi meydança yaradılıb. Yeni layihəyə əsasən bağçanın hər 3 korpusunda əlavə dizayn işləri görülüb.
Bağçanın bütün kommunikasiya xətləri yenilənib, yeni istilik sistemi qurulub. Bağçaya yaxın ərazidə yerləşən istilik qazanxanası tam əsaslı təmir olunaraq bura yeni müasir istilik qazanları quraşdırılıb. Qazanxana bağça ilə yanaşı ətrafdakı yaşayış binalarını da istiliklə təchiz edəcək.
Təmirdən sonra bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir.
Bağçanın yaxınlığında Tofiq Məmmədov küçəsi 2 ünvanında yerləşən yaşayış binası və həyət də əsaslı təmir olunub. Binanın eyvanları yenilənib, əlavə artırmalar sökülərək əvvəlki vəziyyətə gətirilib, dekorativ bəzək vurulub. Binanın giriş qapıları və pəncərələri yeniləri ilə əvəz olunub. Həyətə asfalt salınıb, yeni söhbətgah, sakinlər üçün skamyalar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB