Hicran Hüseynova Qazaxıstanda beynəlxalq konfransda iştirak edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin( AQUPDK) sədri Hicran Hüseynova Qazaxıstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib. Komitədən SİA-ya verilən xəbərə görə, tədbir Qazaxıstan Respublikasının Prezidenti yanında Qadın və Ailə-demoqrafiya üzrə Milli Komissiyası tərəfindən "Minilliyin inkişafında Mərkəzi Asiya və Qafqazda erkən nikah" mövzusunda keçirilib.
Konfransda Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Türkmənistan və Pakistanın Parlament nümayəndələri, dövlət orqanlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertləri iştirak edib. Konfransın gedişində Mərkəzi Asiya və Qafqaz ölkələrində gənc qızların hüquqlarının müdafiəsində və erkən nikahların qarşısının alınması sahəsində təcrübə mübadiləsi aparılıb. Qızların zorakılığa məruz qalmasının qarşısının alınması, erkən nikahlar və gender bərabərliyi sahəsində effektiv regional fəaliyyət planları hazırlanması mexanizmləri nəzərdən keçirilib.
Konfransda Hicran Hüseynova "Azərbaycanda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizədə dövlət siyasətinin gücləndirilməsi" mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, cəmiyyətdə zorakılıq hallarına, erkən nikahlara qarşı mübarizə, insanların hüquq və azadlıqlarının qorunması Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir.
H.Hüseynova bildirib ki, görülən tədbirlər nəticəsində Azərbaycanda ana və uşaq ölümünün, uşaqlara qarşı zorakılıq və erkən nikahların səviyyəsi aşağı düşüb. 2010-cu ildə ölkədə "Məişət zorakılığına qarşı mübarizə haqqında" Qanun qəbul edilib.
Növbəti gün yenidən iştirakçıların vətəndaş cəmiyyətinin inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə çıxışları dinlənilib. H. Hüseynova "Hökumət və vətəndaş cəmiyyəti arasında dialoqun təşkili və fəaliyyəti" mövzusunda çıxış edib.
Komitə sədri Azərbaycandakı iqtisadi inkişafdan danışaraq deyib ki, son 10 ildə ölkə iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq 6, işsizliyin səviyyəsi isə 5, 2 faizə enib. İqtisadiyyatın dirçəldilməsi isə insan hüquqlarının möhkəmləndirilməsinə təkan olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB