"Biz uzaqgörən siyasətçiyə, İlham Əliyevə səs verəcəyik"

"Biz uzaqgörən siyasətçiyə, İlham Əliyevə səs verəcəyik"

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün Biləsuvar rayonunun Aranlı kəndində seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Biləsuvar rayon təşkilatının aparat rəhbəri Əjdər Niftiyev, rayon təşkilatının seçki qərargahının üzvü Muxtar Əhmədov və seçki qərargahı təbliğat qrupunun üzvü Ramiz Əliyev iştirak ediblər.

Tədbirdə çıxış edən rayon təşkilatının aparat rəhbəri Əjdər Niftiyev son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən inkişaf siyasəti haqqında məlumat verib.

Yeni Azərbaycan Partiyasının çoxşaxəli və milli maraqlara əsaslanan fəaliyyətindən də danışan Ə.Niftiyev qeyd edib ki, YAP ölkəmizdə keçirilən bütün seçkilərdə qələbələr qazanıb: "Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır. Hazırkı seçki kampaniyasına da partiyamız ciddi şəkildə hazırlaşıb və təbliğat-təşviqat prosesi yüksək səviyyədə davam etdirilir".

O, həmçinin qeyd edib ki, insanlar növbəti 5 ildə də cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyirlər: "Qarşıdan gələn prezident seçkilərində də partiyamızın sədri, dövlət başçısı İlham Əliyevin qələbəsi şübhə doğurmur. Çünki ötən 10 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir".

Görüşdə kənd sakinlərindən Mehdi Əliyev, Telman Fətullayev, Gülnar İbayeva Aranlı kənd seçiciləri adından çıxış edərək bu seçkilərdə cənab İlham Əliyevə səs verəcəkləri bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə