Elşən Musayev: “Radikal müxalifətin 1 il tökdüyü zir-zibili 20 ildir yığışdırıb qurtara bilmirik”
"Cəmil Həsənli unutmasın ki, Qarabağı almaqdan da asan bir yol vardı. Onu verməmək! Amma verdilər. Həm də göz görəsi, bəsit, avam bir şəkildə verdilər. Əzəli torpaqlarımızı erməninin ovcuna qədər aparıb qoydular. İndi görəsən hansı haqqla, hansı sifətlə bu iqtidarı Qarabağ məsələsində, torpaqları geri qaytara bilməməkdə ittiham edirlər?". Bunu SİA-ya açıqlamasında politoloq Elşən Musayev "Milli Şura"nın namizədi Cəmil Həsənlinin İctimai televiziyanın efirində səsləndirdirdiyi Qarabağ açıqlamasına münasibət bildirərkən söyləyib.
"Cəmil bəy deyir, bu iqtidar neyləyib? Mən deyə bilərəm neyləyib. Əvvəla Cəmil kimilərin viran qoyduğu ölkəni nəinki sıfırdan, hətta mənfi əmsalından təhvil alaraq güclü, qüdrətli bir dövlətə çevirib. Ortalıqdakı başıpozuq dəstələri ləğv edib, əvəzində güclü ordu formalaşdırıb. Erməni lobbisinin Azərbaycana qarşı apardığı kampaniyanın effektini heçə endirib. Bütün dünyaya Xocalı soyqırımını tanıdıb. Azərbaycan ərazilərinin işğal edilməsi faktının bütün beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmasına nail olub. Radikal müxalifətin ermənilərə sözün əsl mənasında hədiyyə etdiyi torpaqların geri qaytarılması üçün etibarlı zəmin yaradıb.
Radikal müxalifət neyləyib bəs? Bu məsələdə hansı dirənişi, təşəbbüsü göstərib? "Milli Şura"nın sədri İbrahimoviç erməniləri Bakıya dəvət edir, onlarla kef məclisi qurur, qan düşmənlərimizi ağıllı, uzaqgörən xalq adlandırır, onlarla düşmən olmadığımızı bəyan edir. Və ya, onunla bir qurumda təmsil olunan Əkrəm Naibov azərbaycanlıları qəddar, barbar xalq kimi qələmə verərək alçaldır, erməniləri isə yüksəldir. Cəmil Həsənlinin elə öz çıxışındaca adını çəkdiyi Qurban Məmmədov ermənilərlə qardaşlaşmaqdan danışır. Budur sizin millətçiliyiniz, vətənpərvərliyiniz, Qarabağ sevdanız?
Cəmil Həsənli özü nə təklif edir? Bu iqtidar neyləməli idi ki, etməyib? Barı bunu desin. O müsahibələrinin birində söyləyib ki, işğal olunmuş torpaqlar yalnız Azərbaycan və Ermənistan demokratikləşəndən sonra azad oluna bilər. Bunun üçün isə hər iki ölkədə müxalifət hakimiyyətə gəlməlidir. Absurd da bax elə burdan başlayır! Və ya ...Cəmil bəy tarixçi olmasına rəğmən unudur ki, elə Qarabaq savaşının başlama dövrü bu tərəfdən səriştəsiz AXCP-Müsavat, o biri tərəfdən isə Ter Petrosyanın hakimiyyətdə olduğu illərə təsadüf edir. Hansı ki, torpaqlarımızın işğalı da məhz həmin zaman aralığını əhatə edir. İndi bu adamın təklifi nədir? Növbəti məğlubiyyətmi, yoxsa olan-qalanımızın da itirməkmi?
Göründüyü kimi, Cəmil Həsənlini Qarabağ məsələsi-filan maraqlandırmır. Bu sadəcə hakimiyyətə qarşı ittiham irəli sürmək mərəzidir. Radikal müxalifətin Qarabağla bağlı heç bir planı və ya çözüm platforması da yoxdur. Utopiyalar, şablonlar, əsatirlər isə yalnız və yalnız seçkiyə, seçiciyə hesablanıb. Dublyor namizədin öz ölçü kəmiyyətləri ilə uğursuz manipulyasiyası da onu göstərir ki, bu adam Qarabağ probleminin həll olunmamasının günahını iqtidarın üzərinə atmaqla siyasi xal qazanmaq istəyir.
Bir zamanlar Əbülfəz Elçibəy də deyirdi ki,"Burda çətin olan nə var? Prezident olan kimi Ermənistanla sərhədləri bağlayacam, məsələ həllini tapacaq". Əslində məsələ həllini gerçəkdən tapdı. Hətta kökündən tapdı. Sadəcə bizim deyil, erməninin xeyrinə tapdı. Azərbaycanı xaosa, əsarətə, min bir zillətə, ardıcıl məğlubiyyətlərə sürükləmək hesabına, aparmaq bahasına tapdı. Və elə bir şəkildə tapdı ki, o "həll"in sonucunda üzərimizə yağan qəlpələri, avantürist ideyalar ucbatından ortalığıa tökülən 1 illik zir-zibili 20 ildir yığıb yığışdıra bilmirik...", – deyə politoloq fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB