"YAP-ın qələbəsinə əminik"

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin Masallı rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş Sərçuvar və Qəriblər kəndlərində keçirilib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hər bir dövlətdə seçki prosesinin mühüm kampaniya olduğunu bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 9 oktyabrda xalqımız hamılıqla prezidentliyə namizəd İlham Əliyevə səs verəcək.

Sonra tədbirdə çıxış edən kənd ağsaqqalları Nəsrəddin Nəcəfquliyev, Adıgözəl Aslanov, Qarabağ müharibəsi iştirakçısı Maarif Əmənov və başqaları İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açıblar. Bu dəfəki seçkilərdə də YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə