Azərbaycan Diplomatik Akademiyası tullantıları çeşidlənmiş şəkildə toplamağa başladı

Azərbaycan Diplomatik Akademiyası tullantıları çeşidlənmiş şəkildə toplamağa başladı

Bu gün Azərbaycan Diplomatik Akademiyasında "Təmiz Şəhər" ASC tərəfindən bərk məişət tullantılarının çeşidlənmiş şəkildə yığılması və daşınması üzrə layihənin təqdimat mərasimi keçirilib. Azərbaycan Diplomatik Akademiyası ilk ali təhsil müəssisəsidir ki, tullantıların çeşidlənmiş şəkildə toplanması və daşınması işləri həyata keçirilir və bu sahədə "Təmiz Şəhər" ASC ilə əməkdaşlıq edilir.

"Təmiz Şəhər" dən SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi tələbələrə tullantıların çeşidlənmiş şəkildə toplanması və "yaşıl düşüncə" prinsipinin aşılanmasıdır. Layihə çərçivəsində tədris müəssisəsində tullantıların üç növü - içki qabları, kağız və karton və qarışıq tullantılar üzrə müxtəlif işarəli konteynerlər quraşdırılan, təşviqat materialları hazırlanıb.

Təqdimat zamanı "Təmiz Şəhər" ASC-nin Layihələrin İdarə Edilməsi və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov "Təmiz Şəhər" ASC və görülmüş işlər, həyata keçirilən layihənin mahiyyətini və məqsədlərini tələbələrə izah edib, eləcə də tullantıların idarəedilməsi sahəsində görüləcək işlər və layihələr barədə danışıb. Təqdimatın sonunda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, tələbələrin diqqətini tullantıların çeşidlənməsi prosesinə yönəltmək və bu prosesdə onların iştirakını təmin etmək məqsədi ilə bu cür tədbirlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə