Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımova və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB Tovuz rayonunda Ermənistanla ön cəbhədə 5 ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan və Kubanın tanınmış sənətçilərinin iştirakı ilə "Dostluq körpüsü" layihəsi çərçivəsində tədbir və konsert keçiriblər. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva çıxış edərək "Dostluq körpüsü" adlı bu layihənin əhəmiyyətindən danışıb və layihənin təşəbbüskarı Azərbaycanın əməkdar Artisti Aybəniz Haşımovaya və xarici ölkələrdən gəlmiş sənətçilərə xüsusi təşəkkür edib. Bu layihənin və tədbirin həyata keçirilməsinə dəstək verməkdən böyük məmnuniyyət duyduqlarını deyən millət vəkili Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan və Kubanın tanınmış sənətçilərinin iştirakı ilə növbəti konsertin ön cəbhədə əsgər və hərbçilərimiz qarşısında keçirilməsinin əhəmiyyətini vurğulayıb: "Ön cəbhədən dosta da, düşmənə də mesajlar göndərildi. Azərbaycan və Azərbaycanlılar gözəl dostluq etməyi ən gözəl bacaranlardandır amma düşmən kəsilənlərə də layiqli cavab vermək gücündə və əzmindədirlər!"
Aybəniz Haşımova "Dostluq körpüsü" layihəsi və onun ön cəbhədə keçirilməsinin vacibliyindən danışaraq əsgərlərə şərəfli xidmətlərində uğurlar arzulayıb.
Konsert proqramında Aybəniz Haşımova ilə yanaşı, Tacikistan müğənnisi Təhminə Niyazova, Qazaxstan müğənnisi Alişir Karimov və Baurjan Raximbekov, Kuba müğənnisi Emiliya Morales, gənc və istedadlı sənətçi Aynişan Quliyeva, "Bülbüllər" qrupunun solisti Müşfiq Əliyev gözəl və maraqlı konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, "Dostluq körpüsü" layihəsi Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımovanın təşəbbüsü və təşkilatçılığı, "12 MAY" şirkətinin sponsorluğu və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB