Lənkəranın icra başçısı şəhər sakinləri ilə görüş keçirib

Lənkəranın icra başçısı şəhər sakinləri ilə görüş keçirib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 23-də Həzi Aslanov Xiyabanının, Mirmustafaxan, Ş.Axundov, Nizami, Akademik Zərifə Əliyeva küçələrinin və 43-cü məhəllənin sakinləri ilə keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov ərazidə yaşayan sakinlər barədə məlumat verib.

Şəhər sakinlərindən Əbdüləhəd Bağırov, Vüqar Əliyev, Məmmədhüseyn Hüseynov, Nailə Rəhimova və İman Mustafayev çıxış edərək Lənkəran şəhərində aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri barədə ürək sözlərini söylədilər, möhtərəm Prezident İlham Əliyevin sentyabrın 5-də Lənkərana səfərinin xoş təəssüratları altında yaşadıqlarını bildiriblər. Rayona göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısına yekdilliklə səs verəcəklərini əminliklə söyləyiblər.

Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət edib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin formalaşmasında göstərdiyi titanik fəaliyyətdən, Azərbaycanda daxili sabitliyin təmin edilməsindən, Ümummilli Liderimizin Azərbaycanı dünya arenasına çıxarmasından və ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından ətraflı danışıb.

Dövlətimizin sükanının hazırda etibarlı əllərdə olduğunu diqqətə çatdıran İcra başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yeni Azərbaycan modelini yaratdığını xüsusi vurğulayıb, son 10 ildə ölkə iqtisadiyyatının üç dəfə artdığını, dayanıqlı dinamik inkişafın təmin olunduğunu söyləyib və bu uğurların möhtərəm dövlət başçımızın apardığı uğurlu daxili və xarici siyasətin sayəsində qazanıldığını diqqətə çatdırıb.

Taleh Qaraşov daha sonra lənkəranlıların dövlətimizə və dövlətçiliyimizə daim sədaqətli olduqlarını, cənab Prezidentin Lənkərana göstərdiyi diqqət və qayğının sonsuz olduğunu söyləyib, lənkəranlıları buna əməli işləri ilə cavab verməyə çağırıb.

İcra başçısı sonda bugünkü görüş zamanı irəli sürülən təkliflərin yerinə yetiriləcəyini əminliklə söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə