İbad Hüseynov: “Müharibə olmasaydı peşəkar idmançı ola bilərdim”

İbad Hüseynov: “Müharibə olmasaydı peşəkar idmançı ola bilərdim”

"İdman olduqca gözəl məşğuliyyət, çətin və şərəfli bir heşədir. İdmanla məşğul olan insan həm fiziki, həm də mənəvi cəhətdən özünü sağlam hiss edir. Bu isə sağlam gəncliyin yetişməsində əvəzsiz rol oynayır. İdmanla məşğul olan insan öz gücünə güvənir, lazım gələndə Vətənini, özünü müdafiə edəndə heç nədən çəkinmir. Düşmənlə mübarizədə qalib gələn, torpağı və azadlığı uğrunda döyüşə atılan igidlərin əksəriyyiəti elə idmançılar olub". Bu sözləri bizimlə söhbətində "Azərbaycan bayrağı" ordenli keçmiş döyüşçü, kəşfiyyatçı, Milli Qəhrəman İbad Hüseynov deyir.

Olduqca səmimi insan olan İbad müəllim söhbətimizə belə davam edir: "Gəncliyimdə güləşlə məşğul olmuşam. İdmanı olduqca çox sevirdim. Müharibə olmasaydı peşəkar idmançı ola bilərdim. Lakin Qarabağın müdafiəsinə qalxmaq zamanı idi. Gəncliyimi, sağlamlığımı, idmanla bağlı olan arzularımı əlbəttə ki, Vətənə fəda etmək lazım idi, etdim də... Axı, yaxşı idmançı olmaq, bayrağımızı ucaltmaq özü də qəhrəmanlıqdır. Qəhrəmanlıq müxtəlif çür olur. İnsan Vətəninə bir çox sahələrdə də xidmət edə bilər. Bizlər torpaq üçün canımızı qoymasaq, torpaq da, bayraq da olmaz. Öncə Vətənimizi, bayrağımızı, müstəqilliyimizi qorumalıyıq ki, bu bayrağı dalğalandıra bilək", - deyə qəhrəmanımız bildirdi. İbad müəllim qeyd etdi ki, ulu öndər Heydər Əliyev öz xaldını sevən, qoruyan, onun gələcəyini düşünən əsl lider idi. "Bu dahi şəxsiyyət üçün vətənini qoruyan, torpağı və bayrağı uğrunda vuruşan bir qəhrəman, yaxud bayrağımızı başqa ölkələrdə tanıdan, dalğalandıran idmançı olmaq eyni anlam daşıyır. Ulu öndər xalqına, qəhrəmanına dəyər verən insan idi. O, mənə öz telefon nömrəsini vermişdi. Ulu öndərdən xüsusi diqqət görmək, onunla görüşmək, hətta toy günümdə mənə məktub göndərməsi ən xoş, əziz xatirələrimdəndir", -deyə İbad Hüseynov bildirdi. O, əlavə etdi ki, bu böyük insan xalqını sevən, ona xidmət edən bütün insanları daim diqqətdə saxlayırdı.

Söhbətimiz zamanı qəhrəmanımız həyatının bütün mənalı, şərəfli və çətin anlarını məhz döyüş bölgələrində, ömrünü qurban vermək istədiyi torpaqlarımızda olduğunu bildirdi. Müharibədə yaxın dostlarını itirən İbad Hüseynov idmanla bağlı olan bütün arzularını da elə orada itirib. O, cəbhə bölgəsində göstərdiyi igidliyi məhz içindəki bitib- tükənməyən vətən sevgisinə, idman istedadına borclu olduğunu deyir. Torpaqlarımızın xilas olması, düşmənə layiqli cavab vermək üçün qəhrəman gənclərimizdə iki xüsusiyyətin vacib olduğunu bildirir : vətənpərvərlik və fiziki bacarıq. "Mən həmişə deyirəm. Torpaqlarımızı qaytarmaq üçün topdan, silahdan daha çox vətənpərvər insalnara , əsəgərlərə ehtiyacımız var. Bizdə vətənpərvərlik hissləri olmasa heç bir texnikanın torpaqlarımızı qaytarmağa gücü çatmaz. Biz torpaqlarımızı sülh yolu ilə qaytarsaq, bəs ermənilərdən qisasımızı nece alacağıq? Torpaqlarımızı döyüşərək geri qaytarmalıyıq. Düşməndən qisasımızı almalıyıq ", - deyə qəhrəmanımız əlavə edir.

Qeyd edək ki, Azərbaycanımızın igid oğlu İbad hüseynov həm də türk dünyasının sevilən qəhrəmanıdır. Qardaş Türkiyədə tez-tez görüşlərdə olan qəhrəmanımıza türk ellərində də böyük hörmət və məhəbbət var. "Mən Türkiyədən hər dəfə maraqlı və yaddaqalan təəssuratlarla qayıdıram. Orada vətənpərvər insanlara, qəhrəmanlara böyük diqqət göstərirlər. Bu diqqətə Naxcıvanda da dəfələrlə şahid olmuşam. Orada vətənpərvərlik hissləri olduqca güclüdür.

"Avqustun 30-da Türkiyənin qürurla qeyd etdiyi Zəfər Bayramından 91 il keçirdi. Belə bir şərəfli bayramda qardaşlarımızla birgə olmaq insana qürur verir. Bu tarixi gün münasibəti ilə Başkent Uluslararası Barış və Kardeşlik Platforumu tərəfindən keçirilən toplantıda iştirak etdim. Orada qızıl ulduz mükaftı və diplomlarla mükafatlandırıldım. Məni Türkiyədə tez-tez tədbirlərə dəvət edirlər. Bu mükafatları mən öz adıma yox, Azərbancanın adına qəbul edirəm. Mən bu xalqın övladıyam. Vətənimin sevinci sevincim, dərdi dərdimdir. Elə bizə verilən qiymət də ölkəmizə, Vətənimizə verilən qiymətdir. Mən azərbaycanlı kimi belə tədbirlərin keçirilməsi ilə qürur duyuram və bu diqqəti Vətənimə göstərilən diqqət hesab edirəm",- deyə İbad Hüseynov bildirir.

Keçirilən görüşlərdən xos təsuratlarla qayıdan qəhrəman daha sonra Balıkesirdə təşikil olunan tədbirdə iştirak etdiyini bildirdi. İbad müəllim Balıkesirdəki tədbirlə bağlı bunları dedi: "Bu şəhər ən çox şəhid verən şəhərdir. Çıxışlarımın birində qeyd etdim ki, dünyaya gələn övladlarımız bizim düşmən çəpərimizdir. Bu baxımdan övladlarımızı elə beşikdən vətənpərvər ruhda böyüdüb tərbiyə etməliyik. Əgər valideyinlər övladlarına türk olduğunu kiçik yaşlarında təbliğ etsələr, onda övlaqlarımız da vətənpərvər ruhda böyüyəcək".

Türkiyədə hər zaman böyük sevgi və məhəbbətlə qarşılaşdığını dilə gətirən qəhrəman onu da əlavə etdi ki, Balıkesirdə onun sevdiyi bir şəhəri Azərbaycan-Türkiyə dostluğu şəhəri adlandırmaq istəyirlər. Qeyd edək ki, qəhrəmanımızı Türkiyədə keçirilən belə tədbirlərdə artıq çox yaxşı tanıyır və sevirlər. İbad müəllim bildirdi ki, ümumiyyətlə, Türkiyədə xalq qəhrəmanlarını çox sevir. "Bu insanlar qəhrəmanları görəndə özlərini dünyanın ən xoşbəxt insanı hiss edirlər. Belə ortamda mən də özümü çox rahat və xoşbəxt hiss edirəm ", - deyə qəhrəmanımız qeyd etdi. O, Ankarada daha bir yaddaqalan görüşdə də iştirak etdiyini bildirdi. Bundan başqa tanınmış iş adamı, " Kurtlar vadisi", "Deli yürek " kimi teleserialların ərsəyə gəlməsində böyük rolu olan vətənpərvər insan Zülfü Canpolad qəhrəmanımızla görüşüb. Uzun zamandır İbad Hüseynovla ğorüşmək istəyən Zülfü bəy qəhrəmanımıza onun döyüş yolunu əks etdirən yaddaqalar, təsirli bir film çəkiləcəyini bildirib.

Qeyd edək ki, İbad müəllimin qəhrəmanlığından bəhs edən, şərəfli döyüş yolunu əks etdirən bir neçə filmin şahidi olmuşuq. Yəqin ki, Zülfü bəyin ərsəyə gətirəcəyi film öz üslubu, təsir gücü ilə seciləcək. Qəhrəmanımızın bu barədəki düşüncələri bunlardır: "Düşünürəm ki, "Dəli ürək", " Kurtlar vadisi" kimi möhtəşəm filmlərin çəkilişini həyata keçirən Zülfü bəyin döyüş yolumdan çəkəcəyi film yüksək səviyyədə olacaq". Məlumat üçün bildirək ki, bugünlərdə İbad müəllim Ankarada keçirilən Qazilər Günündə iştirak edib. Möhtəşəm tədbirdə qəhrəmanımız Türk Dünyası Qazilər Birliyinin başkanı elan olunub. Bu şərəfli və məsuliyyətli işdə biz də qəhrəmanımıza uğurlar arzu edirik. "Əgər qardaş Türkiyədə mənə bu səviyyədə hörmət və məhəbbət varsa dəvətlərdə iştirak etmək və göstərilən etimadı doğrultmaq borcumdur. Belə görüşlərdə vətənpərvər insanlarla ünsiyyət, eşitdiyim dəyərli sözlər məndə qürur və fərəh hissləri yaradır", - deyə İbad müəllim bildirdi.

Buyaxınlarda 65 min üzvü olan Azərbaycan Müharibə Veteranları Birliyində də qəhrəmanımızla ğörüş keçirilib. Çoxlu sayda tədbirlərdə, görüşlərdə iştirak edən qəhrəmanımız müharibə veteranları ilə olan bu ilk ğörüşündən təsirləndiyini deyir. "Sevindirici haldır ki, özlərinin çoxlu problemləri olan şəhid ailələri, müharibə veteranları məni unutmayıb, belə bir ğörüş təşkil ediblər. Onların özlərinə də diqqət və qayğı lazımdır. Vətən yolunda canından keçən şəhid ailələrinə bundan başqa heç nə lazım deyil. Bu insanlara göstərilən doğmalıq, səmimi münasibət onların ağrı-əzabını yox edir. Döyüş zonası elə bir yerdir ki, ora düşünərək getmirlər. Səngərə düşünmədən, ürəklə, gözüodlu gedirlər. Odur ki, döyüşən əsgərlər ölüm barədə düşünməyən, canlarını heçə sayan, igid, məğrur, qeyrətli insanlardır", - deyə İbad müəllim əlavə etdi.

O, düşünür ki, şəhidlərimizi, qəhrəmanlarımızı anmaqla bərabər yaşayan, canlı şəhidlərimizi də təbliğ etmək, onların şücaətini gənc nəsillərə göstərmək lazımdır. "Gərək uşaqlar, cənclər döyüşməkdən, müharibədən qorxmasınlar. Erməni quldurlarını millətimizə zülm, işgəcə edən toplum kimi göstərməklə yanaşı, bu düşmənə dərsini verən, qan udduran igidlərimizi də tanıtmaq lazımdır. Təkcə soyqırımla bağlı yazılanda , deyiləndə yeni formalaşan gənclərə elə gəlir ki, bu qorxaq , şərəfsiz düşmən "böyük" qüvvədir. Lakin elə deyil. Qoy gənc nəsil bilsin ki, ermənilər bizim igidlərimizdən hər zaman qorxurlar. Biz onların qorxulu yuxusuyuq. Düşmənlərimiz hər zaman onlara dəstək verən ölkələrin hesabına hüçuma keçib. Əgər igidlərimiz olmasaydılar, nəinki torpaqlarımızın 20 faizi, bəlkə də daha çox hissəsi əlimizdən gedərdi. Bizim millət ən qəhrəman, cəsur, igid millətdir ", - deyir İbad müəllim. O istəyir ki, "Vətən üçün ölməyə yox, öldürməyə hazıram " şüarı ilə yaşasın gənclik. Qəhrəmanımız istəyir ki, millətimiz qarabağı ağlamaqla yox , gülü-gülə alsın. İbad Hüseynovun diliylə desək, biz cəsarətli və güclüyük! Düşmən isə qorxaq və acizdir!

Qəhrəmanımız ulu öndər, dahi siyasətçi Heydər Əliyevin Vətənimiz üçün etdiklərini dönə-dönə dilə gətirir. O, bu böyük şəxsiyyəti torpaq, şəhid itkisinin qarşısını alan böyük güc kimi qiymətləndirir. "Ulu öndər Heydər Əliyev bu xalqın ən böyük xilaskarıdır. Əgər ulu öndər olmasaydı bu gün torqalarımızın bəlkə də 50 faizi olmayacaqdı. O, torpaq itkisinin qarşısını aldı. Onun döyüş bölgəsinə gəlişindən sonra əsgərlərdə böyük inam, mənəvi güc yaranmışdı. Tanrı Heydər Əliyevi Vətənimizi bəlalardan hifs etmək üçün göndərmişdi", - deyir İbad Hüseynov. Qəhrəmanımız onu da unutmur ki, ulu öndər Heydər Əliyev tərəfindən böyük diqqət və qayğı görüb. Ulu öndərin İbad Hüseynova olan şəxsi münasibəti, onun qəhrəmanlığını yüksək qiymətləndirməsi, hətta qəhrəmanın toy günündə ona yazdığı təbrik məktubu İbad müəllimin ən unudulmaz xatirələrindəndir.

P.S Məlumat üçün bildirək ki, qəhrəmanımız 18 oktyabr, 1970-ci ildə anadan olub. Tərəzi bürçündəndir. O, bürclərə müəyyən qədər inandığını və bu bürcün demək olar ki, bir çox xüsusiyyətlərini daşıdlğını deyir.Ədalətli olmağı sevir. Bütün insanlara ədalətli, səmimi olmağı arzulayır. O istəyir ki, düşməndən torpaqlarımızla bərabər qisasımızı da alaq. Bu gün bir azərbaycanlı kimi fəxrlə deyə bilərik ki, xalqımızın İbad Hüseynov kimi mərd, məğrur, adını tarixə yazdıran igid oğulları var. O, Azərbaycan xalqının Milli Qəhrəmanı, Atillası , qeyrətli oğludur. Xalqımız belə oğulları ilə qürur duyur, gənc nəslə nümunə göstərir, böyük məhəbbətlə sevir. Qəhrəmanımızın itirdiyi sağlamlıq geri qayıtmasa da ona olan sevgi, diqqət yaşadığı ağrı-əzabın azalmasına kömək edir. Şərəfli həyat yolu keçən qəhrəmanımız sözün əsl mənasında xoşbəxtdir. Çünki o, bu Vətən yaşadıqca yaşayacaq, qəhrəmalığı dastana, nağıla dönəcək !

Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə