Cəbhəyanı kəndlərdə evləri su basıb

Cəbhəyanı kəndlərdə evləri su basıb

Ötən gün gecə Ağdam rayonu ərazisinə güclü leysan yağışı yağıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, bir neçə saat davam edən güclü yağış nəticəsində cəbhəyanı kəndlərdə bəzi evləri su basıb. Mirəşelli kəndində bir ev uçmaq təhlükəsi ilə üzləşib. Qəzalı vəziyyətə düşən evlərin hasarlarında iri çatlar əmələ gəlib. Sözügedən yaşayış məntəqələrində kənd təsərrüfatına, heyvandarlığa və ev quşlarına ciddi ziyan dəyib. Su içində qalan ev quşları boğularaq ölüb.

Vəziyyətdən çıxış yolu kimi rayon FHK əraziyə texnika cəlb edib. Traktorlar vasitəsi ilə evlərə yağış sularının dolmasının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional bölməsinin əməkdaşları tərəfindən evlərin zirzəmisinə dolan suyun çəkilməsi üçün əraziyə su nasosları gətirilib.

Qeyd edək ki, güclü yağışlar və sel suları səbəbindən rayon ərazisinə elektrik enerjisinin verilişində uzun fasilələr yaranıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə