Gənclər üçün Təhsil Mərkəzi BMT-nin İctimai İnformasiya Departamenti (UNDPİ) ilə birgə Mingəçevir şəhərində Beynəlxalq Sülh Gününü qeyd edib. Tədbir müharibə qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Sülh Gününün əhəmiyyəti, tarixi və məqsədi, sülhün dünya üçün vacibliyi haqda çıxışlar dinlənilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə "Sülh naminə Təhsil" şüarı altında Mərkəzin regional ofislərində aparılan kampaniya haqqında məlumat verib, təhsilin dünyada sülhün təmin olunmasında oynadığı rol, münaqişələrin yaratdığı zorakılıq zəncirini qırmaq yollarına dair məruzə edib.
BMT rəsmisi Zəka Quliyev də çıxış edərək, BMT-nin sülh siyasəti, regionda müharibə və zorakılığa qarşı mübarizə istiqamətində görülən işlər haqqında gənclərə ətraflı məlumat verib.
Tədbirdə ABŞ-ın Sülh Korpusunun könüllüləri də iştirak ediblər.
Qeyd edək ki, BMT Baş Assambleyası Beynəlxalq Sülh Gününü 1981-ci ildə təsis edib. Beynəlxalq Sülh Günü hər ilin sentyabr ayının üçüncü çərşənbə axşamı günü qeyd olunurdu və BMT Baş Assambleyasının Nyu-York şəhərində müntəzəm olaraq keçirilən sessiyasının açılışına təsadüf edirdi. Lakin Baş Assambleyanın 2001-ci il, 7 sentyabr tarixində qəbul olunmuş 55/282 saylı Qətnaməsinə əsasən 2002-ci ildən etibarən Beynəlxalq Sülh Gününü hər il sentyabrın 21-də qeyd olunması qərara alınıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB