Lənkəran ŞİH-nin başçısı sakinlərlə görüşüb

Lənkəran ŞİH-nin başçısı sakinlərlə görüşüb

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sentyabrın 20-də Lənkəran şəhərinin Füzuli və Amid Əsgərov küçələrində yaşayan sakinlərlə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazidə yaşayan sakinlər haqqında məlumat verib.

Ayrı-ayrı şəhər sakinləri çıxış edərək Lənkəranda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri barədə ürək sözlərini söyləyiblər, rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, oktyabrın 9-da keçiriləcək növbəti prezient seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərinə söz veriblər.

Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət edib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında ölkə əhalisinin mütləq əksəriyyətinin möhtərəm Prezidentin daxili və xarici siyasətini dəstəklədiyini diqqətə çatdırıb, son on ildə Azərbaycanın sürətli və dinamik inkişafından danışıb, dövlət başçımızın diqqət və qayğısı sayəsində rayonumuzun gündən-günə inkişaf etdiyini, yeniləşdiyini və müasirləşdiyini söyləyib.

Lənkəranlıların daim Ulu Öndər Heydər Əliyevin siyasətinə sədaqətli olduqlarını vurğulayan İcra başçısı cənab Prezident İlham Əliyevin rayonumuzun sosial-iqtisadi inkişafına dair son bir ildə imzaladığı 8 Sərəncamın əhəmiyyətindən danışıb, şəhərdə, qəsəbə və kəndlərdə aparlan tikinti-quruculuq işlərinin bundan sonra da müntəzəm davam etdiriləcəyini əminliklə söyləyib.

Taleh Qaraşov sonda bugünkü görüş zamanı sakinlər tərəfindən qaldırılan təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə