Müsahibimiz millət vəkili Musa Quliyevdir
- Musa müəllim, son 10 ildə Azərbaycanda sosial-iqtisadi sahədə əldə olunan uğurları ümumilikdə, necə şərh edərdiniz?
- Son 10 ili Azərbaycanın bütün tarixində olmayan tərəqqi ili hesab edirəm və düşünürəm ki, bu, hər bir Azərbaycan vətəndaşının fikridir. Son 10 ildə Azərbaycanın büdcəsi 10 dəfəyə yaxın artıbdır. Ümumdaxili məhsul 3 dəfə yüksəlibdır. Azərbaycan çox geniş regional layihələr həyata keçirib. Ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da inkişaf edir. Enerji, yol, nəqliyyat infrastrukturundakı yeniliklər və inkişaf onu sübut edir ki, Azərbaycan neft sektorundan əldə etdiyi nailiyyətləri tezliklə qeyri-neft sektorundan da əldə edəcək. Azərbaycan bu son 10 il ərzində dünyanın aparıcı dövlətləri ilə bir səviyyəyə çatıb və artıq Azərbaycanın beynəlxalq nüfuzunuda onun beynəlxalq iqtisadiyyatı şərtləndirilməkdədir. Bu gün əminliklə demək olar ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Davos İqtisadi Forumunun axırıncı iclasının Bakıda keçirilməsi məhz əldə etdiyimiz uğurların dünya ölkələri tərəfindən təsdiqlənməsinin nəticəsi idi. Onu da xatırladaq ki, Azərbaycanın bu ilin fevral ayında telekommunikasiya peyki orbitə çıxarıldı və 2016-cı ildə daha bir peykimiz orbitə çıxarılacaq. Bu, təkcə telekommunikasiya vasitəsi deyil, bu, təkcə orbitdən informasiya mübadiləsi olmaqla yanaşı eyni zamanda, ölkənin qüdrətinin göstəricisidir. Bu gün Azərbaycan artıq dünyanın kosmos klubunun üzvüdür ki, bu da bizim son 10 ildə əldə etdiyimiz uğurlu nailiyyətlərimizin baris nümunəsidir. Onu da nəzərinizə çatdırım ki, MDB məkanında olan 15 dövlətdən məhz Azərbaycan BMT-nin qeyri-daimi üzvü seçildi və təşkilata sədrlik edir. Yəni Azərbaycanın dünyanın aparıcı təşkilatlarına üzv seçilməsi, artıq Azərbaycanın beynəlxalq gücünün təsdiqi deməkdir.
- Yeni iş yerlərinin yaradılması, məktəb və xəstəxanaların tikilməsi, əhalinin rifahının yaxşılaşdırılması barədə nə deyə bilərsiniz?
- Bu gün Azərbaycanda olan bu inkişafı hər bir vətəndaş görür. Həm aldıqları məvaciblərinin ötən illərlə müqayisədə artmasında, həm də həyat səviyyəsinin yaxşılaşdırılmasında, eyni zamanda, insanların həyatında böyük rol oynayan ətraf mühütin, qəsəbə və kəndlərin abadlaşdırılması, müasir standartlara uyğunlaşdırılması, yeni məktəb və xəstəxanaların inşa edilməsi, yeni yaşayış yerlərinin tikilməsi kimi hər bir sahədəki inkişaf məhz əhalinin rifahının yaxşılaşdırılması üçündür. Azərbaycanın hər yerində insanların asudə vaxtlarını keçirməsi üçün parklar salınır. Azərbaycanda 2700-dən artıq məktəblər tikilib və yeniləri ilə əvəz edilib. Son 10 ildə Azərbaycanda 500-dən artıq tibb müəssisəsi tikilib. Bunlar arasında yeni inşa edilənlər də var, bərpa edilənlər də. Bu gün Azərbaycanda ən müasir texnologiyanın tətbiqi mümkündür.
- Regionlarda aparılan sosial-iqtisadi islahatlar əhalinin paytaxta olan axınının qarşısının alınmasının əhəmiyyətini necə şərh edərdiniz?
- Son 10 ildə bölgələrdə böyük inkişaf və dəyişikliyin şahidi oluruq. Demək olar ki, bütün bölgələrdə su, qaz, enerji təminatı, o cümlədən, kanalizasiya sistemləri yenidən quruldu. Bu, o deməkdir ki, görülən işlər əhalinin rifahının yaxşılaşdırılması üçün görülür. Regionlarda görülən işlər əsasən 2004-cü ildə icra olunmağa başlayıb və 2014-cü ildə bu proqramın 3 layihəsi icra olunmağa başlayacaq. Artıq regionların hər yerində, yaxşı iş yerləri var və müasir standartlara uyğun sosial infrastruktur inkişaf prosesləri gedir. Bu, bütün dünyada baş verən urbanizasiya prosesinə xidmət edir. Qeyd edək ki, əvvəllər insanlar kənd və bölgələrdən şəhərə axışırdı, şəhərlərdə yaşamaq istəyirdi. Lakin hazırda bu proses ötən illərlə müqayisədə nisbətən səngiyib. Çünki, kənd və qəsəbələrdə şəhər ab-havası yaradılıb və hazırda bölgələrdəki vəziyyət və sosial-iqtisadi durum heç də paytaxtdakı vəziyyətdən geri qalmır. Bütövlükdə, götürdükdə, son 10 il Azərbaycanda intibah ilidir. Ümid edirik ki, bu siyasət uzun illər davam edəcək.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB