Qubada BDU-nun genişləndirilmiş şura iclası keçirilib

Qubada Bakı Dövlət Universitetinin (BDU) genişləndirilmiş şura iclası keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, ali məktəbin II Nügədi kəndində yerləşən Tədris Təcrübə və İstirahət mərkəzində təşkil edilən tədbirdə 200-ə yaxın elm adamı iştirak edib.

İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Tədris-Təcrübə Mərkəzinin foyesində yerləşən abidəsi önünə əklil və gül dəstələri düzüblər. Daha sonra iclasda ali təhsil sistemində islahatlar çərçivəsində tədris təcrübə bazalarının rolu, Quba Tədris-Təcrübə və İstirahət mərkəzinin strukturunun təsdiqi, fəaliyyəti və gələcək istiqamətləri haqqında ətraflı məlumat verilib. Bundan başqa, ötən tədris ilinin yekunları müzakirə olunub. Pedaqoji fəaliyyətdə fərqlənən müəllimlərə elmi adlar və fəxri fərmanlar təqdim edilib.

BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Quba Tədris-Təcrübə və İstirahət Mərkəzinin açılması tələbələrin təhsilində əhəmiyyətli rol oynayacaq. Bundan sonra universitetin 17 fakültəsinin bəzi ixtisasları üzrə təhsil alan tələbələr təcrübə üçün məhz Qubaya göndəriləcək. 20 minə yaxın tələbənin elmə yiyələndiyi təhsil mərkəzinin Qubadakı bazasında hər cür şərait yaradılıb.

Gələcəkdə mərkəzdə bir sıra beynəlxalq tədbirlərin təşkili də nəzərdə tutulub.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə