Gəncədə hamı cənab İlham Əliyevi dəstəkləyir!

Gəncədə hamı cənab İlham Əliyevi dəstəkləyir!

Paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində, o cümlədən Azərbaycanın qədim şəhəri olan Gəncədə də 9 oktyabr Prezident seçkiləri ilə bağlı təbliğat – təşviqat kampaniyası böyük ruh yüksəkliyi və uğurla davam etdirilir. SİA-nın məlumatına görə, növbəti görüşlər Hacıkənd qəsəbəsində keçirilib. YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin, şəhər Təşkilatı İdarə Heyəti və Şura üzvlərinin, təbliğat–təşviqat qrupu üzvlərinin, partiya fəallarının, ictimaiyyət nümayəndələrinin, ümumilikdə 800-dən çox seçicinin iştirak etdiyi bu görüşlərdə Azərbaycanın uğurlarından, müstəqil dövlətçiliyindən, Azərbaycan xalqına cənab Prezidentin bəxş etdiyi imkanlardan, ölkə başçısının tövsiyə və tapşırıqlarını yüksək təşkilatçılıqla yerinə yetirən şəhər rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən, gördüyü işlərdən, Gəncənin "Gənclər Paytaxtı" adını şərəflə doğrultmasından, Azərbaycanın dilbər guşəsi Hacıkənd qəsəbəsinin köklü şəkildə yenidən qurulmasından, insanların kommunal problemlərinin həll olunmasından danışılıb.

Naqif Həmzəyev çıxışında vurğulayıb ki, həqiqətən də Azərbaycanın bugünkü reallıqları hər bir vətəndaşı ruhlandırır, sevindirir: "Layiqli həyat şəraiti ilə təmin olunmuş Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız arxalarında güclü, onları dünyanın istənilən nöqtəsində müdafiə etməyə qadir olan bir dövlət görürlər. Onlar belə bir dövlətin vətəndaşları olduqlarına görə fəxr edirlər. Avropa Birliyinin "Avropa Qonşuluq Barometri" çərçivəsində keçirilmiş sorğu göstərdi ki, Azərbaycanda əhalinin 92 faizi öz hökumətinə inanır. Yəni ölkə əhalisinin 92 faizi hakimiyyətin fəaliyyətini bəyənir və ona etimad göstərir. Bütün obyektiv rəy sorğuları xalqla hakimiyyətin sıx birliyinin təcəssümüdür. Budur son 10 ilin real nəticəsi, budur 2013 – cü ilin, bu günün seçki reallığı!"

Qeyd edək ki, "Müstəqil və sarsılmaz Azərbaycan daim yaşayacaqdır!", "Var olsun, hər zaman öz vətəndaşlarını müdafiə edən, qoruyan, diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!" – bu sözlərlə çıxış edən seçicilər 9 oktyabrda səslərini İlham Əliyevə verəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə