Mingəçevirdə Prezident seçkilərinin şəffaf və demokratik keçirilməsinə lazımi şərait yaradılıb
Oktyabrın 9-da keçiriləcək Prezident seçkilərinə ölkəmizin hər yerində olduğu kimi, Mingəçevirdə də ciddi hazırlıq işləri görülür. 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının sədri Oqtay Məmmədov bildirib ki, hazırda şəhərdəki seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirilməsi məqsədilə lazımı tədbirlər həyata keçirilir: "DSK-nın əhatə etdiyi 30 seçki məntəqəsi şəhərin təhsil, səhiyyə və mədəniyyət müəssisələrində yerləşir. Seçki məntəqələrinin yerləşdiyi binaların hamısında təmir-bərpa işləri aparılıb, məntəqələr lazımı texniki avadanlıqlarla təchiz edilib, rabitə və elektrik sistemi qaydaya salınıb. Seçki məntəqələrinə səsvermə kabinələri, seçki qutuları, təbliğat nümunələri, onların asılması üçün lövhələr, dəftərxana ləvazimatı, inventar və texniki avadanlıqlar paylanılıb. Şəhərdə seçkilərin azad, demokratik, şəffaf, milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə, mütəşəkkil surətdə keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqə seçki komissiyalarının sədr və üzvlərinin maarifləndirilməsi məqsədi ilə kurslar təşkil edilib, məntəqələrdə seçici siyahıları dəqiqləşdirilib, hərbi xidmətdən qayıtmış gənclər, yeni ailə quranlar və yaşayış yerini dəyişənlər müəyyənləşdirilib. 12 seçki məntəqəsində web kameralar quraşdırılıb".
Komissiya sədri qeyd edib ki, məntəqələrdəki məlumat guşəsində seçkilərin azad və şəffaf keçirilməsinə şərait yaradan qanunvericilik aktları, seçicilərin hüquq və vəzifələrini, seçkilərin gedişi zamanı qanun pozuntusuna görə məsuliyyəti əks etdirən materiallar qoyulub: "Məlumat guşəsində məntəqə üzvlərinin siyahısı, vəzifə bölgüsü, gündəlik növbətçilik cədvəli yerləşdirilib. Məntəqələrin qarşısında isə seçiciləri məlumatlandıran lövhələr asılıb. Ümumiyyətlə, seçki məntəqələrində Prezident seçkilərinə hazırlıqla bağlı bütün tədbirlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq mütəşəkkil şəkildə aparılır. Seçki günü öz yaşadığı ərazidə yerləşən seçki məntəqəsində səs verə bilməyən 76 vətəndaşa qeydiyyatdan çıxma vəsiqəsi verilib".
Oqtay Məmmədov həmçinin vurğulayıb ki, şəhərdə prezidentliyə namizədlərə təbliğat-təşviqat kampaniyasını bərabər aparmaq üçün şərait yaradılıb: "Seçki Məcəlləsinə müvafiq olaraq bütün seçki məntəqələrinin ərazisində təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr asılıb. Artıq şəhərdəki həmin lövhələrdə namizədlərin təşviqat materialları yerləşdirilib. Şəhərdə təbliğat kampaniyası çərçivəsində kütləvi tədbirlərin keçirilməsi üçün 30 seçki məntəqəsinin hər birinin ərazisində açıq və qapalı yerlər müəyyən edilib. Həmçinin, bu məqsədlə şəhərdə 2 min nəfərlik açıq və 320 nəfərlik qapalı yer də ayrılıb. Seçicilərin siyahıları dəqiqləşdirilərək məntəqələrdəki məlumat lövhələrinə yerləşdirilib. Bu seçkilərdə 30 məntəqə üzrə 760 nəfərin ilk dəfə səs verəcəyi müəyyən edilib. Onlardan 368 nəfəri bu il 18 yaşı tamam olanlardır ki, həmin vətəndaşlar da şəxsiyyət vəsiqələri ilə təmin olunublar. Bundan əlavə hazırda siyasi partiyaların nümayəndələri və vətəndaşlar müşahidəçi olmaq üçün dairə seçki komissiyasına müraciət edirlər. Bu günədək siyasi partiyaları təmsil edənlərdən 120, sadə vətəndaşlardan isə 3 nəfərə müşahidəçi vəsiqələri verilib. Partiyaların müraciətinə əsasən 31 nəfər məşvərətçi komissiya üzvi təyin edilib. Hazırda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri Mingəçevir şəhərində seçkilərə hazırlıq prosesi ilə tanış olurlar. Həmçinin, 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvləri vaxtaşırı seçki məntəqələrində olur, işlərin gedişi və seçkilərə hazırlığın vəziyyəti ilə yaxından maraqlanır, çatışmazlıqların aradan qaldırılmasına kömək göstərirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB