Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub FOTO

Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub FOTO

Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub. SİA-nın məlumatına görə, qonaqlar əvvəlcə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib. Azərbaycan və Rusiyanın xalq artisti, görkəmli sənətkar Müslüm Maqomayevin də məzarı ziyarət olunub. Bununla yanaşı qonaqlar Şəhidlər Xiyabanına gələrək vətənimizin azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsini də yad ediblər.

Nərimanov rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2006-cı ildə qardaşlaşmış rayonlar elan edilən Bakının və Həştərxan vilayətinin əlaqələrinin dinamik inkişafından söz açıb. O bildirib ki, əlaqələrimiz Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə daha yüksək səviyyəyə qalxıb.

Qonaqlar da ölkələrimiz arasında mövcud münasibətlərin yüksək səviyyəsindən, Azərbaycanda gördükləri qonaqpərvərlikdən məmnunluqla danışıblar. Həmçinin bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən knyaz Vladimirin heykəlinin ucaldılması, Heydər Əliyev adına parkda yerləşən uşaq şəhərciyinin nəzdində istirahət mərkəzinin açılışı, Ulu Öndərin adını daşıyan 11 saylı məktəbin nəzdində uşaq bağçasının təməlqoyma mərasimi və bu ilin noyabr ayında Bakıda Bakı-Həştərxan parkının açılışı vurğulanıb. Qeyd edilib ki, aparılan bütün tikinti işləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın daim nəzarətindədir. Məhz Heydər Əliyev Fondu tərəfindən 11 nömrəli orta məktəbdəki yenidənqurma, təmir işləri, Privoljski çayının körfəzindəki piyada keçidinin, həmçinin körfəzin sahilindəki uşaq şəhərciyi Heydər Əliyev Fondunun əməli fəaliyyətidir.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. 1969-cu ildən 2003-cü ilədək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxış keçirilib. Onların diqqətinə çatdırılıb ki, xalqımızın Ümummilli liderinin xatirəsinin əbədiləşdirildiyi bu muzey təşkil olunarkən onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə