Türkiyədən gəlmiş çəkiliş qrupu Azərbaycanda 3 sənədli filmin çəkilişinə başladı
"Seyid Yəhya Bakuvi həzrətlər", "Qafqaz İslam Ordusu" və "Qarabağ" mövzusu ilə bağlı – üç fərqli mövzuda sənədli-tarixi televiziya filmlərinin çəkilişləri üçün respublikada səfərdə olan türkiyəli sənət adamları və Avrasiya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri Hikmət Ərən, EkoAvrasya jurnalının redaktoru Yeşim Özcan "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB (ABAİ İB) rəhbərliyi ilə görüşüblər. SİA-nın məlumatına görə, qonaqları səmimi salamlayan ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva belə önəmli mövzularla bağlı Azərbaycana səfərin təşkilini çox yüksək qiymətləndirib.
Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, Qarabağ ətrafındakı mövcud durumu bütün bölgəni təhdid edən, qəbuledilməz situasiya kimi xarakterizə edən Qənirə Paşayeva bu mövzunun kitablara, filmlərə daşınmasını çox müsbət və zəruri akt adlandırıb. O, eləcə də, bu günlərdə Bakının erməni daşnak və rus bolşeviklərinin işğalından azad edilməsinin 95-ci ildönümü münasibəti ilə bu tarixi qalibiyyətin müəllifi olmuş Qafqaz İslam Ordusu haqqında, onun ölümsüz komandanı Nuru Paşa haqqında sənədli film çəkilməsini bir vəfa borcu, ortaq tarixə və dəyərlərə hörmət nümunəsi olaraq gördüyünü bildirib.
Sözünə davam edən millət vəkili, YUNESKO-nun elan etdiyi Seyid Yəhya Bakuvi ili çərçivəsində ona həsr olunmuş yaddaqalan tədbirlərin təşkil olunduğunu vurğulayıb. Bu böyük Azərbaycanlı övliyanın xatirəsinə film çəkilməsini "ortaq türk keçmişindən ortaq türk gələcəyinə" gedən yolda bir elm-sənət mərhələsi olacağına inandığını söyləyib.
Millət vəkili EkoAVRASİYA" jurnalının təsisçisi, Avrasiya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri Hikmət Ərənə və EkoAvrasiya dərgisinin redaktoru Yeşim Özcana Azərbaycan həqiqətlərinin yayılması və Azərbaycan tarixi, mədəniyyəti və gerçəklərinin tanıdılmasındakı xidmətlərinə görə mükafat təqdim edib.
Qeyd edək ki, sonda millət vəkili Qənirə Paşayeva görüşdə iştirak edən qardaş ölkə jurnalistlərinə geniş müsahibə verib. Onun fikirləri nəzərdə tutulan hər üç filmdə yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB