“Azərbaycanın qızıl erası” nın davamlılığına səs verək!

“Azərbaycanın qızıl erası” nın davamlılığına səs verək!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı qanunvericiliyə uyğun olaraq, 9 oktyabr Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, Gəncə şəhərində keçirilən görüşə seçicilər cənab İlham Əliyevə dəstək nümayiş etdirən portretlərlə, bayraqlarla və plakatlarla gəliblər. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, şəhər Təşkilatı İdarə Heyəti və Şura üzvləri, təbliğat-təşviqat qrupunun üzvləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri və 7 mindən çox seçici iştirak edib.

Tədbir iştirakçıları bildiriblər ki, əldə olunan yüksək göstəricilər Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin doğma xalqımıza, milli maraqlarımıza misilsiz xidmətlərinin, yorulmaz fəaliyyətinin bəhrələridir. Bütün Gəncəlilər "Azərbaycanın qızıl erası" nın davamlılığına səs verəcək, Ulu öndər Heydər Əliyev kursuna sədaqətli olduqlarını 9 oktyabr Prezident seçkilərində qələbə qazanmaqla bir daha sübut etmiş olacaqlar.

"Yaşasın cənab İlham Əliyevin rəhbərliyi ilə zirvələr fəth edən müstəqil Azərbaycan!", "Eşq olsun, bizi qələbələrdən qələbələrə aparan Yeni Azərbaycan Partiyasına!" - seçicilərin böyük izdihamı qarşısında çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin insanların yüksək əhval – ruhiyyəsinin, coşqusunun və razılığının ifadəsi olaraq, bu sözləri kütlə tərəfindən gur alqış sədaları ilə qarşılanıb.

Sonra təbliğat – təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər Təşkilatının sədr müavinləri AMEA – nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, ADAU – nun rektoru İbrahim Cəfərov, YAP Gəncə şəhər Təşkilatının Şura üzvü, ADAU – nun prorektoru Anar Hətəmov, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü, AzTU – nun dosenti Hüseyn Budaqov, YAP Gəncə şəhər Təşkilatının şura üzvü Elnur Həsənov çıxış ediblər. Bildirilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə sadiq qalan cənab İlham Əliyev respublikanı dünya miqyasında şöhrət qazanan müasir dövlət səviyyəsinə qaldırıb.

Zamanın tələbini, insanların istəklərini yüksək intellekti, siyasi hazırlığı, qətiyyəti, uğurlu diplomatiyası, xalqına olan bitib tükənməz məhəbbəti ilə cənab İlham Əliyev Azərbaycan Prezidentliyinə alternativi olmayan namizəddir. Bizim seçimimiz bəllidir: "İlhamlı sabahımıza İlhamla irəli!

Qeyd edək ki, təbliğat-təşviqat görüşü Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanlanan möhtəşəm şüarların səslənməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə