Masallı sakinləri YAP-ın qələbəsinə əmindir

Masallı sakinləri YAP-ın qələbəsinə əmindir

Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri öncəsi Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası çərçivəsində respublikanın müxtəlif rayonlarında keçirilən kütləvi tədbirlər plana uyğun olaraq davam edir. SİA-nın məlumatına görə, YAP Masallı rayon təşkilatı tərəfindən Masallı rayonundan millət vəkili seçilmiş Cavanşir Paşazadə, Nəriman Əliyev və Elmira Axundovanın iştirakı ilə Yeddioymaq, Xıl və Musaküçə kəndlərində seçicilərlə görüşlər keçirilib. Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verib.

Rayon təşkilatının sədri bildirib ki, son 10 ildə ölkəmiz yüksək inkişaf yolu keçib: "Bu müddətdə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb, əhalinin gəlirlərində yüksək irəliləyiş əldə olunub. Bir faktı səsləndirmək istəyirəm ki, Prezident İlham Əliyev hər zaman regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayıb. Son 10 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, insanların mədəni istirahətinin təşkilinə şərait yaradıb. Prezident İlham Əliyevin Masallı rayonuna olan diqqət və qayğısı haqqında xüsusi danışmağı bir Masallılı kimi özümə borc bilirəm. Nəzərinizə çatdırım ki, təkcə bu ayın 16-da Masallı rayonunun müxtəlif yerlərində yeni tikilib istifadəyə verilən 5 məktəbin açılışı olub. Bir neçə gün öncə isə Həsənli, Xırmandalı, Köcəkli, Seybətin, Səmidxan kəndlərinin yolları asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Bu ay rayonumuza səfəri zamanı İlham Əliyev YAP Masallı rayon təşkilatının inzibati binasının, Taekvando və Boks Mərkəzlərinin, yenicə təmirdən cıxmış Heydər Əliyev Mərkəzinin, rayon Mədəniyyət evinin və Zərifə Əliyeva adına geniş prospektin açılışında iştirak edib. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 il ərzində Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçib və ən əsası odur ki, belə açılışlar bundan sonra da davam edəcək. Bütün bu görülən işlərin davam etdirilməsi üçün sizləri 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, növbəti 5 ilimizin qarantı üçün İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram".

Millət vəkili Cavanşir Paşazadə çıxış edərək qarşıdan gələn növbəti 5 ildə də məhz İlham Əliyevin rəhbərliyi altında böyük uğurların qazanılacağına inandıqlarını söyləyib. Millət vəkili bu gün ölkəmizdə insanların sosial rifah halının durmadan yüksəldiyini, hər bir bölgəmizdə geniş quruculuq-abadlıq işlərinin uğurla davam etdiyini də diqqətə çatdırıb. C.Paşazadə bildirib ki, birmənalı şəkildə qarşıdan gələn seçkilərdə xalqımız cənab İlham Əliyevə dəstək olmaqla növbəti 5 il müddətində də onun Azərbaycanı daha böyük zirvələrə yüksəltməsinə təminat yaratmış olacaq.

Görüşlərdə çıxış edən millət vəkili Elmira Axundova Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyasından bəhs edib. Millət vəkili deyib ki, bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihə Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Çıxışının sonunda seçiciləri aktiv olmağa səsləyən millət vəkili onları cənab İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra millət vəkili Nəriman Əliyev öz çıxışında bildirib ki, İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: "Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik və inanırıq ki, hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyev yenidən ölkə prezidenti seçiləcək".

Sonra tədbir iştirakçıları Qərargah üzvü Eynulla Eynullayev, kənd sakinləri Firuzə Babayeva, Eyvaz Məcidov və başqaları çıxış ediblər və İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açıb, növbəti seçkilərdə də YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə