Qaradağlılar Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqdir

Qaradağlılar Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqdir

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam etdirilir. SİA-nın məlumatına görə, YAP Qaradağ rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Artıq seçki kampaniyasına start veriləndən cəmiyyətin birmənalı mövqeyinin məhz cənab İlham Əliyev olduğunu bildirən YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Qaradağlıların da bu prosesdə böyük aktivlik nümayiş etdirdiyini vurğulayıb: "Artıq bir neçə gündür başlayan və uğurla davam etdirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində Qaradağ rayonunda keçirilən görüşlərdə insanların yeganə seçiminin Ümummilli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyev olduğu bir daha açıq şəkildə ifadə olunub. Son 10 ildə ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atıb və Azərbaycan cəmiyyəti də bu uğurlu siyasətə birmənalı şəkildə dəstək olub. Qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də cəmiyyətin mütləq əksəriyyəti cənab İlham Əliyevə dəstək olaraq Azərbaycanın daha böyük zirvələr fəth etməsinə təminat yaradacaq. Çünki xalqımız öz istəyində və seçimində qərarlıdır. Xalq öz müqəddəratını ancaq cənab İlham Əliyevə etibar edib. Biz qarşıdan gələn prezident seçkilərində bunu açıq şəkildə bir daha müşahidə edəcəyik. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Qaradağda da insanlar prezident seçkilərində aktiv şəkildə iştirak etməklə cənab İlham Əliyevə böyük həvəslə səs verəcəklər. Biz əminik ki, mütərəqqi ideyalarla inkişaf etmiş müasir Azərbaycan cəmiyyətinin yeganə seçimi cənab İlham Əliyev olacaq".

Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev də Qaradağlıları salamlayaraq onları bundan öncəki seçkilərdə olduğu kimi, növbəti dəfə aktivlik nümayiş etdirərək Cənab İlham Əliyevə səs verməyə çağırıb. Ölkəmizin iqtisadi mənzərəsinə ətraflı nəzər salaraq Qaradağlılara son 10 ildə görülən işlərdən danışan R.Nəbiyev bu uğurların məhz cənab İlham Əliyevin praqmatik siyasəti sayəsində təmin olunduğunu diqqətə çatdırıb: "Azərbaycan son 10 ildə böyük uğurlu yol keçib. İqtisadi sahədə əldə olunan göstəricilər göz önündədir. YAP Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsidir. İstər sosial bazası, istərsə də təşkilati baxımdan YAP digər siyasi partiyalardan öndə gedir. Hazırda Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur. Azərbaycan gənc müstəqil dövlət olsa da, sürətlə inkişaf edir, bölgədə, dünyada yeri və rolunu möhkəmləndirir, beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilir. Ölkəmizin bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq prinsipini həyata keçirdiyi siyasətin önündə saxlaması uğurların davamlılığını şərtləndirən əsas amillərdən biridir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə öz həllini tapa bilməz. Azərbaycan təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə stimul verir. Uğurla gerçəkləşən layihələr daha yeni layihələr üçün zəmin yaradır. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması da gerçəkləşdirdiyi layihələrin nəticəsidir. Bütün bunlar isə Ulu öndər Heydər Əliyevin başladığı, cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir. Öz ölkəsini, dövlətini düşünənlər bundan sonra da qüdrətli Azərbaycana səs verəcəklər" .

Rayon gəncləri adından çıxış edən Ramin Quliyev də ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlardan görülmüş uğurlu işlərdən bəhs edib: "Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonrakı dövrlərdə də daha yüksək uğurlara imza atacaq. Ölkə gəncliyi hər zaman olduğu kimi, qarşıdan gələn seçkilərdə də Ulu Öndər Heydər Əliyevin siyasi kursuna, cənab İlham Əliyevin praqmatik siyasətinə səs verəcək".

Qaradağlılar adından çıxış edən Nəsir Həsənov isə deyib ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin Azərbaycana nə qədər böyük uğurlar qazandırdığını görməmək mümkün deyil: "Çünki biz həyatın bütün sahələrində, ailədə, bizi əhatə edən mühitdə, daha geniş mənada dövlətimizin, cəmiyyətimizin həyatında, Azərbaycanın beynəlxalq miqyasda güclənən mövqeyində bu uğurları müşahidə edirik. Bu uğurlar hər bir vətəndaşın, hər bir ailənin həyatını əsaslı şəkildə dəyişdirib. Hər bir vətəndaşın həyatında inkişaf, yeniləşmə var. Ona görə də, xalqımız bu uğurları təmin edən cənab İlham Əliyevin ətrafında sıx birləşib. Biz bunu 9 oktyabrda keçiriləcək seçkilərdə bir daha müşahidə edəcəyik".

Daha sonra çıxış edən Qaradağ rayonu Lökbatan qəsəbəsi sakini, şəhid anası Pakizə Abbasova Qaradağlıların həmişə Ulu öndər Heydər Əliyevin siyasi kursuna dəstək olduqlarını və qarşıdan gələn prezident seçkilərində bir daha bunu sübut edəcəklərini vurğulayıb.

Görüşün yekununda oktyabrın 9-da Qaradağlıların yekdilliklə cənab İlham Əliyevə səs verəcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə