Hər il sentyabrın 20-də Almaniyada Beynəlxalq Uşaq bayramı qeyd edilir. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu münasibətlə Berlində fəaliyyət göstərən "Ürəkdən ürəyə körpü" Cəmiyyəti paytaxtın mərkəzi parklarından birində bayram tədbiri təşkil edib. "Dünya uşaq meydanı"adı ilə keçirilən tədbirin məqsədi Almaniyada yaşayan xalqlar və millətlərdən olan uşaqların bir araya gətirilməsi və onların arasında ünsiyyətin yaradılmasıdır. Cəmiyyət gələcəkdə "Dünya uşaq meydanı"nı uşaqların mütəmadi görüşdüyü mərkəzə çevrilməsini, burada müxtəlif xalqlara məxsus uşaq nağıllarının qəhrəmanlarının heykəlinin qoyulmasını və oyun avadanlıqlarının yerləşdirilməsini planlaşdırır.
Hər il sentyabrın 20-də "Ürəkdən ürəyə körpü" Cəmiyyəti uşaqların maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasında xüsusi xidmətlər göstərmiş ictimai xadimləri "Teonun mavi ürəyi" adlı mükafatla təltif edir. Cəmiyyət tərəfindən hazırlanan və uşaqların sevimli qəhrəmanı Teonun şəkli əks olunan "Teonun Mavi Ürəyi" nişanı bu il futbol üzrə Azərbaycan yığma komandasının məşqçisi, Azərbaycandakı SOS Uşaq Kəndini xüsusi diqqətdə saxlayan və yardım göstərən Berti Foqtsa təqdim olunub. Daha sonra təntənəli tədbirdə Berti Foqtsun hamiliyi ilə yeni qurum - Dünya Uşaq Komitəsi təsis edilib. Komitənin təsis olunmasında Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) fəal iştirak edərək quruma üzv olub. Komitənin idarə heyətinin üzvləri sırasında isə Azərbaycanı Berlin Höte İbtidai Məktəbinin 3-cü sinif şagirdi səkkiz yaşlı Dilarə Quluzadə təmsil edəcək. Berti Foqts Azərbaycan nümayəndəsini xüsusi səmimiyyətlə qarşılayaraq onu Dünya Uşaq Komitəsinin idarə heyətinə seçilməyi münasibətilə təbrik edib.
Təntənəli mərasimdə AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova da iştirakçıları təbrik edib. "Ürəkdən ürəyə körpü" Cəmiyyətinin rəhbəri Silviya Haniş isə öz növbəsində AAKM-ə təşəkkürünüü bildirib və gələcəkdə bu layihənin Azərbaycan adı altında keçirilməsini təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB