Deputatlar və ziyalılar cəbhə bölgəsində olublar

Deputatlar və ziyalılar cəbhə bölgəsində olublar

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu, parlamentin bir qrup deputatı, Xalq Yazıçısı Anar və digər ziyalılar Tərtər rayonunun Borsunlu kəndindəki təmas xəttinin müdafiə zolağına gedərək əsgərlərin həyat və məişət şəraiti ilə yaxından tanış olublar. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, ziyalılar təmas nöqtəsindən xüsusi cihazların köməyi ilə düşmən mövqeyinə baxış keçiriblər.

Qonaqlar "Milli Qəhrəman Mübariz İbrahimov" postunda olaraq onun yatdığı otaqda qəhrəmanlıq yolundan bəhs edən guşəni ziyarət ediblər. Xalq Yazıçısı Anar ölümün gözünə dik baxaraq, erməni əsgərlərinin üstünə təkbaşına gedən Mübariz İbrahimovu əsl xalq qəhrəmanı kimi xarakterizə edib. Sonra ziyalılar "Bulaq" deyilən əraziyə gəliblər. Daha sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib.

Tədbirdə bildirilib ki, təkcə cari ilin 8 ayında təmas xəttində ermənilər tərəfindən atəşkəs 1515 dəfə pozulub, Azərbaycan əsgərləri cavab atəşi ilə düşməni susdurublar. Bu müddətdə Azərbaycan bir nəfər itki verib. ATƏT-in monitorinq qrupunun cəbhə bölgələrində keçirdiyi 16 monitorinqin heç birində insident qeydə alınmayıb.

Tədbirdə iştirak edən Eldar Sabiroğlu qeyd edib ki, təkcə keçən il 300 hərbçi daimi, 400-dən çoxu isə xidməti mənzillə təmin edilib. Mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, Azərbaycan nə qədər inkişaf edirsə, Ermənistan bir o qədər geriyə addımlayır. Onların tez-tez təmas xəttində hərbi təlimlər keçirməsi isə bir növ gözdən pərdə asmaq xarakteri daşıyır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə