İtaliyanın Xarici Məlumat və Təhlükəsizlik Agentliyinin direktoru Azərbaycanda səfərdə olub
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə İtaliyanın Xarici Məlumat və Təhlükəsizlik Agentliyinin direktoru general-leytenant Adriano Santini bu gün ölkəmizdə rəsmi səfərdə olub. Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzindən SİA-ya verilən məlumata görə, əvvəlcə italiyalı qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini də yad edib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Daha sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov İtaliyanın Xarici Məlumat və Təhlükəsizlik Agentliyinin direktoru general-leytenant Adriano Santini qəbul edib.
Görüşdə tərəflər arasında enerji təhlükəsizliyi, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, qanunsuz miqrasiya, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivləri müzakirə olunub.
Nazir Eldar Mahmudov aktual məsələ olan enerji təhlükəsizliyinin regional və beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırıb, mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat verib.
Göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılan şəraitə görə təşəkkürünü bildirən Adriano Santini İtaliya və Azərbaycan, eləcə də üvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını, keçirilən dialoqların və məlumat mübadilələrinin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd edib.
İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB