Yeniyetmələr üçün filmlər nümayiş olunur

Yeniyetmələr üçün filmlər nümayiş olunur

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında "Biliklər və elm aləminə virtual səyahət" layihəsi həyata keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində maarifləndirici-animasiya filmləri 2 ədəd "Atmosfera 360" sferik kinoteatrlarında nümayiş etdirilir. Gün ərzində 5-6 seansla (giriş sərbəstdir) həmin regionların bütün yeniyetmə sakinlərinə filmləri seyr etmək imkanı yaradır. Filmlər Azərbaycan dilində nümayiş etdirilir. Bu kinoteatrlarda filmlər proyektorlar vasitəsi ilə 360 dərəcəli görüntülü kürə şəkilli tavana salınır. Beləliklə də, filmin görüntüləri tamaşaçıları hər tərəfdən əhatə edir. Filmin izləyiciləri okeanların dərinliklərinə, başqa planetlərə və bütün kainata səyahət edirlər.

"Atmosfera 360" sferik kinoteatrlarında iki film nümayiş etdirilir – "Kaluokahina. Tilsimlənmiş rif" və "Kainatın sahibləri". Hər iki film maarifləndirici və əyləncəli xüsusiyyətlər daşıyır.

Filmlərin Ağstafa, Qazax, Bərdə Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Şirvan, kürdəmir, Ucar və digər rayonlarda nümayiş olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə